Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsi qaydasında dəyişiklik olunub.
Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı, bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar. Yalnız bu şərti ödəyən namizədlər həmin ixtisaslaşmaları seçimlərinə əlavə edə biləcəklər.
DİM-dən verilən məlumata görə, tədrisi Azərbaycan və ya rus dilində aparılan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) üzrə nəticəyə hər hansı bal məhdudiyyəti tətbiq edilmir.
Xatırladaq ki, bir neçə ildir xarici dil fənni üzrə imtahanda iştirakçıların yazı bacarıqları esse vasitəsilə yoxlanılır. İndiyədək iştirakçılar esse tapşırığından maksimum 5 bal toplaya bilirdilər və essenin yazılması məcburi hesab edilmirdi.