Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısına toplaşıb...

Məlumata görə, TƏBİB-in qarşısına toplaşanlar arasında müxtəlif rayonlardan gəlmiş təxminən əlliyə yaxın stomatoloq iştirak edir.

Məlumata görə, onlar ixtisar qərarlarının ləğv edilməsini və bu məsələyə yenidən baxılmasını tələb edirlər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. 

Xatırladaq ki,  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında sözügedən məsələ toxunmuşdu:

"Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil. Vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır. Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib"/Milli.az.