Ukrayna Prezidenti Volodimor Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Keir Starmer Ukraynaya ehtimal olunan atəşkəsdən sonra beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə Niyyət Bəyannaməsi imzalayıblar.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bəyannaməyə əsasən, Ukrayna ilə Rusiya arasında atəşkəs əldə edildikdən sonra Ukraynada hərbi mərkəzlər yaradılacaq.
Fransa Prezidenti Makron bildirib ki, bu, gələcəkdə Ukraynaya Rusiyann təkrar hücum ehtimalına qarşı olacaq: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəldik. Fransa və Böyük Britaniya Ukrayna ilə beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün niyyət bəyannaməsi imzalayıblar. Atəşkəsdən sonra Ukrayna ərazisində hərbi mərkəzlər yaradılacaq, silah və hərbi texnika üçün mühafizə olunacaq obyektlər tikiləcək".
Makron daha sonra NATO-nun ikinci ən güclü quru qoşunlarına sahib olan Türkiyənin də prosesə qoşulma ehtimalının yüksək olduğunu iddia edib: "Türkiyə daha çox dəniz istiqamətində müdafiədə istəklidir"
Britaniya Baş naziri Keir Starmer də Makronla eyni fikirləri açıqlayıb.
Ukrayna Prezidenti Zelenski isə Rusiya ilə davam edən sülh müqaviləsi danışıqlarından söz açıb: "Üzərində işləməli olduğumuz əsas məsələ ərazi məsələsidir. Faydalı ola biləcək bir sıra ideyalarımız var. Əgər bəzi məsələlər həll olunmamış və ya dondurulmuş vəziyyətdə qalarsa, bu, fayda yaratmayacaq. Fransa Prezidenti bəyannamə ilə bağlı açıqlama verdi, detallara toxundu. Ukraynaya zəmanət vacibdir".
Avropa İttifaqı Şurasının sədri Antonio Kosta Ukraynada atəşkəsdən sonra qüvvəyə minəcək zəmanət sisteminə töhfə verməyə hazır olduqlarını bəyan edib.
Samir Musayev
MİA.AZ