Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatda deyilir ki,məqsəd əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasıdır: "Xüsusilə, yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur.
Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur. Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır".