Saç nümunəsi testində kokain aşkarlanan "Fənərbağça" Klubunun prezidenti Sadettin Saran nəticəyə sərt etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Həyatımda heç vaxt narkotik istifadə etməmişəm, test təkrarlansın", - deyərək, ekspertizanı saxtakarlıqda ittiham edib.

Sadettin Saran bildirib ki, ümumiyyətlə, belə bir maddəni görməyib: "Nəinki heç vaxt istifadə etməmişəm, hətta maddəni yaxından görməmişəm. Testin təkrarlanması üçün Məhkəmə Tibbi İnstitutu tərəfindən rəsmi tələb irəli sürüləcək. Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və  hüquqlarıma xələl gətirmək, eləcə də təmsil etdiyim qurumları sarsıtmaq məqsədi daşıyan açıq bir böhtan kampaniyasıdır. Bu prosesdə dərhal və tərəddüd etmədən yenidən nümunələr təqdim etməyə hazır olduğumu açıq şəkildə bildirmək istəyirəm.

Bu kontekstdə; Məhkəmə Tibbi Ekspertizası İnstitutunda təkrar testin keçirilməsinə ehtiyac istintaqı aparan prokurorluqdan rəsmi olaraq istənəcək. Bundan əlavə, bütün müvafiq testlər beynəlxalq akkreditasiyadan keçmiş müstəqil test təşkilatlarında mümkün qədər tez aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Bir daha vurğulamaq istərdim ki, həqiqəti elmi metodlarla və universal standartlara uyğun olaraq açıqlamaqda heç bir şübhəm yoxdur. Digər tərəfdən, test nəticələrinin açıqlandığı iddia edilən səhər tezdən bəzi media orqanlarında məxfilik əmri ilə bağlı olduğu iddia edilən məlumatların eyni vaxtda və əlaqələndirilmiş şəkildə dərc edilməsi diqqətli araşdırma tələb edən ciddi bir məsələdir. Həqiqətin sonda üzə çıxacağına və prosesin qanunun aliliyi çərçivəsində ədalətli və şəffaf şəkildə başa çatacağına tam əminəm. İctimaiyyətə hörmətlə bildirirəm."

Fərid ASLAN

MİA.AZ

  •  
  •  
  •  
  •  
  •