Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.

Əldə etdiyimiz məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir.

İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir.

Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.
İş üzrə, həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir.

Qeyd edək ki, medianın 2021-ci ildə yaydığı məlumata görə “Səmayə Logistic” MMC-2009-cu ildə  dövlət qeydiyyatına alıb. Şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı ilkin 20 manat olub, 2020-ci ildə 1 milyon 20 manata çatdırılıb, hazırda 644700 manatdır.  Qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.

Xatırladaq ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, eləcə də “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan “Səmayə Co LTD” MMC fəaliyyət göstərirdi. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.

“Səmayə Co LTD” MMC yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Səmayə Logistic” MMC-yə çevrildiyini elan etmişdi. Bu MMC-nin nizamnamə kapitalı 1364925 manatdır.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib.(aktualinfo.net)

XalqXeber.Az