Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.
Mia.az-ın xəbərinə görə, məlumatda deyilir ki, yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin hadisə yerində olublar:
"İlkin araşdırma nəticəsində yanğının Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər. Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.
Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-in araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq”