Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.
Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, İTV rəhbəri Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Balakişi Qasımovu yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.