AFFA iki baş məşqçini cəzalandırıb.
Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Qəəzrara əsasən, XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bir oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis "Şamaxı" ilə matçda rəqib komandanın texniki zonasında qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. "Sumqayıt" klubu baş məşqçinin hərəkətinə görə 10 min manat cərimələnib.
Bundan əlavə, "Sumqayıt" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək.
XIII turun "İmişli" – "Sabah" oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 3000 manat ziyana düşüb.
"Qəbələ" – "Araz-Naxçıvan" matçında isə meydan sahiblərinin futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Onun hərəkətinə görə bölgə təmsilçisi 500 manat cərimələnib.