Misli Premyer liqasının 13-cü turunun ilk oyununda "Kəpəz" Futbol Klubu (FK) "Zirə"ni qəbul edir.
Mia.az xəbər verir ki, ev oyunlarını artıq yenilənən Yevlax stadionunda keçirən "Kəpəz" sonuncu dəfə həmin stadionda ev sahibi olan "Karvan-Yevlax"ı məğlub etmişdi.
Saat 14.00-da başlayan oyunun ikinci hissəsində "Zirə"nin tərkibində dəyişiklikdən sonra matçda bir az canlanma gəlib. Oyunun 64-cü dəqiqəsində 28 nömrəli oyunçu Leroy Mikels ilk qolu vurub.
Bundan əvvəl 56-cı dəqiqədə meydançada yaşanan gərginlik və sərt oyun səbəbilə baş hakim Rəşad Əhmədovun "Zirə"yə cərimə təyin etməməsi və hətta "Kəpəz"in 5 nömrəli oyunçusu Rauf Hüseynliyə sarı vərəqə verməsi "Kəpəz"in azarkeşlərinin qəzəbinə və etirazına səbəb olmuşdu.
Azarkeşlər təxminən 1 dəqiqə tribunadan "Bişərəf hakim" şüarını səsləndirmişdi və polisin müdaxiləsindən sonra sakitləşmişdilər. Qeyd edək ki, azarkeşlərin belə hərəkətləri Peşəkar Futbol Liqasının (PFL) intizam komitəsi tərəfindən müzakirə olunur və böyük ehtimalla hakimin təhqirinə görə "Kəpəz" klubu cərimə olunacaq.
84-cü dəqiqədə "Zirə" daha bir qola imza atıb. Meydana yeni daxil olan İssa Cibrila komandasının ikinci qolunun müəllifi olub - 0:2.
Matç bu hesabla başa çatıb.
Oyundan sonra isə meydanda futbolçular arasında dava düşüb.
Klub yetkililəri onları sakitləşdirib.
Zülfiyyə Mustafayeva
Mia.az