44 il əvvəl Vatikanda Papa II İohann Pavelə sui-qəsd cəhdi edən Mehmet Ali Ağca Türkiyədə səfər edən Papa XIV Leo ilə görüşməyə can atıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, bu məqsədlə Bursa şəhərinin İznik rayonunda olan Papa ilə görüşməyə gedib. 

Bu barədə onun özü açıqlama verib. Bildirib ki, ya burada, ya da İstanbulda Papa ilə görüşmək, danışmaq istəyib:

"Lakin mənə İznikdən ayrılmaq tələbi qoyuldu... Halbuki mən Papaya "Xoş gəlmisiniz" demək istəyirdim. Ümid edirəm ki, İstanbulda iki-üç dəqiqə oturub söhbət edə bilərik." 

Həmişə səhv başa düşüldüyünü bildirən Ağcanın sözlərinə görə, vaxtilə etdiyi sui-qəsd olayı məsələsi düzgün anlaşılmayıb: "Mən ilahi bir planın mərkəzindəyəm. Dünya bunu anlaya bilməyib. Onlar səhv şeylər deyirlər. Terrorçu mən yox, Netanyahudur. Netanyahu adlı şeytanpərəst, sionist canavardır. Əlbəttə ki, Vatikan mənimlə razıdır. Bu baxımdan, Vatikanla dostluğumuzu davam etdirməliyik"

Samir Musayev
MİA.AZ