Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat-texniki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı qeyd edilən qanunazidd fəaliyyətlə məşğul olan daha 8 nəfər - Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur Məmmədzadə, Atabala Qarayev, Elçin İsgəndərov, Fərid Qədirov və Coşqun Cəfərli saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsasən "telegram" sosial şəbəkəsində ölkə xaricindən idarə olunan qanunsuz onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər kibercinayətlərdə istifadə edildiyi aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.