Xəzər TV bu gün efirə gedən “İncə səhər” verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, açıqlamada bu gün saat 10:38-də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib.
Bildirilib ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib: “Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb.
Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb”.
Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib(qafqazinfo).
Qeyd edək ki, proqram həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edir. Lakin veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.