Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAİ) yaradılıb.
Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSAİ-nin yaradılması ilə bağlı keçirilmiş toplantıda iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edib.
Toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb.
M. Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib. Daha sonra tədbirdə iştirak edən ali audit orqanlarının rəhbərləri çıxış ediblər.
V. Gülməmmədov çıxışında toplantının peşəkar təşkilinə görə Türkiyə Hesablama Məhkəməsinin rəhbərliyinə təşəkkürünü ifadə edib. O, Türk Dövlətləri Təşkilatının bu gün yalnız mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, həm də qlobal arenada formalaşan real güc mərkəzi olduğunu qeyd edib.
Sədr türkdilli ölkələrin eyni coğrafiyanın, eyni mədəniyyətin və ortaq tarixin mirasçıları olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Bununla yanaşı, təşkilatın fəaliyyətində vacib hesab etdiyi bir sıra istiqamətləri toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin yekununda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə TÜRKSAİ yaradılıb. Yeni qurumun Təsis Bəyannaməsi beş ölkənin ali audit orqanlarının rəhbərləri tərəfindən imzalanıb.