Rəsmi Tehran ABŞ-ın qeyri-ciddilikdə ittiham edir.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi mətbuat konfransında suala cavabda deyib.
O, ABŞ prezidenti Donald Trampın "biz İranla danışıqlara açığıq. Hesab edirəm, anlaşa bilərik", - mesajına cavabda bildirib ki, əslində, ABŞ danışıqlara kifayət qədər ciddi yanaşmır: "ABŞ danışıqlara kifayət qədər ciddi yanaşmır. Ya onlar danışıqları düzgün başa düşmürlər, ya da hərəkətləri vəziyyətin mahiyyətinə uyğun deyil. Bütün hallarda belə yanaşmada davam etdiyi müddətcə danışıqlar baş tutmayacaq".
Xatırladaq ki, Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla 18 noyabrda görüşən ABŞ prezidenti Tramp deyib ki, İran Amerika ilə razılaşma əldə etmək istəyir: "Düşünürəm ki, onlar həqiqətən bunu istəyirlər. Mən buna tamamilə açıqam, onlarla danışırıq və prosesə başlamışıq. İranla razılaşma əldə etmək gözəl olardı...".
Tahir Şəlvəli
MİA.AZ