Son günlər Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Mircəlil Qasımlı sosial şəbəkələrdə və mediada tənqid hədəfinə tuş gəlib.
Gənc deputata qarşı səsləndirilən iradlarda onun Milli Məclisdə fəal olmaması iddia olunur.
Mia.az xəbər verir ki, gününsesi.info-nun əməkdaşı uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil edən Cavid Qurbanovdan gənc deputat haqqında fikirlərini öyrənib: “Mircəlil hələ gəncdir. Onun siyasətçi kimi formalaşması üçün müəyyən zaman lazımdır. İnşallah, təcrübə topladıqca yetkin bir kadr kimi ölkəmizə daha çox fayda verəcək. Ona qarşı əsassız ittihamlar səsləndirmək doğru deyil. Dövlətin və seçicilərin ona etimadı isə təbii ki, onun potensialına görədir.
Onun əmisi professor Cəlal Qasımov da Avropada Azərbaycanı ləyaqətlə təmsil edən ziyalılarımızdandır. Bilirsiniz ki, o, Azərbaycanın Fəxri Konsuludur. Xaricdə ökəmizi ləyaqətlə təmsil edən insanların fəaliyyəti dövlətimiz üçün faydalıdır. Ümumiyyətlə, Fəxri Konsul statusunda olan şəxslər xarici ölkələrin vətəndaşı olurlar. Öz fəaliyyətini isə şəxsi imkanları hesabına həyata keçirirlər. Fəxri konsullar təmsil etdikləri ölkədən maddi dəstək almadan həmin dövlətin xaricdə imici üçün çalışırlar”.
Cavid Qurbanovun sözlərinə görə, Qasımovlar ailəsinin bir üzvü – Elçin Qasımov da Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir: “O, ilk azərbaycanlı kimi Avropa ölkələrindən birinin Bakıda səfiri olaraq tarixə düşüb. Məncə bu həm onların öz ailəsi, həm də azərbaycanlılar üçün fəxarət doğuran haldır. Hesab edirəm ki, başqaları da bunu görməli və dəstək olmalıdır”.
Xatırladaq ki, deputatlın ölkə xaricində daşınmaz əmlak və biznes sahibi olması barədə də mediada xəbərlər tirajlanıb.
MİA.AZ