Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa “Cloudflare”in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı “Cloudflare” də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobalsəviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.
***
Təxminən bir saatdan çoxdur Azərbaycanda bir çox saytlara girişdə problem yaranıb.
Bəs nə baş verir?
Mia.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz sosial hesabında yazıb:
“Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür.
“Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.
“Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.