Bakının Nizami rayonunda qanunsuz tiklilər medianın gündəmindən düşmür.
Mia.az xəbər verir ki, bir vaxtlar Bakının ən yaşıllıq rayonlarından sayılan Nizami rayonu gəlmiş-keçmiş icra başçılarının "sayəsi"ndə indi çox bərbad vəziyyətə düşüb.
Məlumata görə, yöndəmsiz, plansız və qanunsuz tiklilərin qarşısını almaq əvəzinə, günü-gündən bu sahədəki vəziyyət daha da eybəcərləşir.
Mia.az-ı məlumatlandıran mənbə deyir ki, Nizami rayonuna Coşqun Cəbrayılovun icra başçısı təyinatından sonra rayonda qanunsuz tikintilərin qarşısının alınacağı düşünülsə də, tamamilə əks hadisələr baş verib: "Hətta bir çox biznesmenlər boş yerlər uğrunda icra başçısı və onun əsas "vuran əli" olan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun "xidmətləri"ndən yararlanmaqla, özbaşınalıqlarını daha da genişləndiriblər. Təbii ki, "siyasi mətbəx"ə də soxulmuş bu acgöz biznesmenlərin arasındakı "rəqabət" Coşqun Cəbrayılov və onun mediada adı "qara kassası" kimi yozulan Tural Cavadovun da iştahını böyüdüb. İndi bu rayonda elə vəziyyət yaranlb ki, hətta su-kanalzasiya, qaz, elektrik xəttlərin çəkilişi zamanı tenderlərin qalibi olan şirkətləri də "dalan"a dirəməyə başlayıblar..."
Məlumatlı şəxsin sözlərinə görə, rayonda hazırda keçmiş icra başçıları, o cümlədən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevə yaxın şəxslər, o cümlədən Bəylər Əyyubovun adından sui-istifadə edən bir qrup şəxs böyük ərazilərə və obyektlərə sahibləniblər: "Təbii ki, nə bu adamlar, nə İcra Hakimiyyəti üçün yaşıllıq ərazilər, kommunikasiya xətləri, piyadalar üçün gediş-gəliş səkiləri və sairlər əhəmiyyətli deyil..."
İşin maraqlı tərəflərindən biri də budur ki, rayondakı vəziyyəti araşdıran zaman icra başçısının "qanunsuz tikintilərə qarşı mübarizə" üzrə yaratdığı qrupda Tural Cavadova "əlahiddə bir zona"nın da həvalə olunması üzə çıxıb. Rayonun gizlinlərinə bələd olanlar isə bunu istehza ilə qarşılayırlar. Haqlıdırlar, deyilmi?!
Samir
MİA.AZ