Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin və Balakənin icra başçısı İslam Rzayevin DTX tərəfindən saxlanılmasından sonra növbəti həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Mətbuatda adı "qara siyahı"da olan bir neçə icra başçısının adı hallansa da, hələki bu iddialar təsdiqini tapmır. 

MİA.az icra başçıları ilə bağlı maraqlı məlumat əldə edib.

İcra strukturunda yüksək post tutan şəxslərdən biri bizimlə söhbət zamanı İH başçılarının əvvəlki dövrlə müqayisədə indi daha ehtiyatlı davrandıqlarını bildirib.

Onun sözlərinə görə, icra başçıları onları ələ verəcək bütün faktları sıradan çıxarmaqla məşğuldurlar. Hazırda haqq-hesab dəftərləri yenidən nəzərdən keçirilir, kabinetdə şübhə doğuracaq heç bir əyani vəsait saxlanılmır.

Mənbə deyib ki, bu qəbildən olan ən maraqlı fakt icra başçılarının tabeliyində çalışan bütün yaxın qohumlarını işdən çıxarmasıdır. Onlar qohumlarını öz ərizələri ilə işdən azad edir, onların əvəzinə aralarında qohumluq, tanışlıq bağlarının olmadığı gənc və perspektivli kadrları vəzifəyə təyin edilər.

Məlumatlı şəxs bildirib ki, bu qərar icra başçılarının qohumlarının kütləvi şəkildə işsiz qalması ilə nəticələnməyib. İcra başçıları işdən azad etdikləri yaxın qohumlarını digər rayonlara rəhbərlik edən həmkarları vasitəsilə yeni vəzifələrə təyin etdirirlər. 

Bu halın əsasən Bakı şəhərinin rayonları üçün xarakterik olduğu bildirilir.

F.Səfərli

MİA.AZ