Dünya Çempionatının 2026-cı il seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ölkəmizdə iki oyun keçirəcək.

Mia.az xəbər verir ki, noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda Azərbaycan-İslandiya milli komandaları görüşəcək.

Noyabrın 16-da saat 21:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Fransa millisini qəbul edir. 

Qeyd edək ki, bundan əvvəlki səfər oyunlarında millimiz İslandiya yığmasına 0-5, Fransa yığmasına isə 0-3 hesabıyla uduzub. Ukrayna yığması ilə səfər oyununda bir təsəlli qolumuz və 2 qollu məğlubiyyətimiz var.

Ukrayna yığması ilə ev oyunda penalti ilə heç-heçə etmişik. Millinin yeni baş məşqçisi Ayxan Abbasovun təyinatndan sonra komandada canlanmanın olduğu güman edilsə də, fikrimizcə, Abbasovun milli ilə stabil uğurlarnın yolu uzundu. 

A.Abbasovun həm də Premyer Liqada (PL) “Şamaxı”nı çalışdırması onun gücünü ikiyə bolür ki, bu da hər iki cəbhədə onun standart uğurlarını şərtləndirə bilməz.

Millinin kapitanı Bədavi Hüseynov bundan əvvəl mia.az-a müsahibəsində demişdi ki, onlar gec-gec görüşüb məşq etdikləri üçün oyunçular arasında oyun koordinasiyası yoxdu. Ola bilsin, digər səbəblər də var komandanın psixoloji olaraq bir araya gəlməsinə mane olan, amma indi bunları araşdıracaq adam Abbasovdu. Qısa müddətə, ən azından 2026-cı il üçün seçmə turlarda millimizin sabit uğurunu proqnoz edə bilmirik. Heç D qrupundan çıxması da mümkün görünmür.

Bütün hallarda millini dəstəkləyəcək insanların tribunalarda olacağını bilirik. Ən azından ev oyunlarında azarkeşlərin məyus olmaması üçün Ayxan Abbasovun və onun komandasının vicdanlı oyununa ümid edirik. 

Zülfiyyə Mustafayeva
Mia.az