Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə noyabrın 5-də iclas keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iclasda Rusiya müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov iştirak ediblər.
Görüşün əvvəlində ABŞ-ın nüvə sınaqlarına başlamaq planları müzakirə edilib. Putin rəsmiləri dinləyib.
Daha sonra çıxış edən Putin Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə sadiq qaldığını bir daha təkrarlayb: "2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya digər müqavilə tərəfləri nüvə sınaqları keçirərsə, Rusiya cavab verməyə məcbur olacaq. Bu kontekstdə Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram."
Rusiya müdafiə naziri Andrey Belousov isə tapşırığa cavabda bildirib ki, ABŞ strateji silahlarını sürətlə modernləşdirir və bu baxımdan yeni raket sistemlərinin hazırlanması üzərində işləyirlər: "Vaşinqton "Qızıl Günbəz" strateji raketdən müdafiə sisteminin yaradılması planını həyata keçirir. Unutmayaq ki, ABŞ əvvəllər Ballistik Raket Əleyhinə Müqavilədən, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən və Açıq Səma Müqaviləsindən çıxıb. Buna görə də ABŞ qlobal strateji sabitlik sistemini sarsıtmaq üçün nüvə sınaqlarına qoyulan qadağadan imtinası böyük ehtimalla gerçəkləşəcək. ABŞ-ın nüvə sınaqları keçirmək planları Rusiya üçün hərbi təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hər vəziyyətdə düşmənə zərər verə biləcək nüvə potensialımızı gücləndirməliyik. Buna görə də, tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağın məqsədəuyğun olduğunu düşünürəm."
Nazir Belousov əlavəe dib ki, Rusiyanın "Novaya Zemlya" arxipelaqındakı poliqondakı qüvvələri nüvə sınaqlarına hazırdır.
Daha sonra Rusiya Baş Qərargah rəisi Gerasimov da nüvə sınaqlarına başlamağı vacib sayıb.
Samir MUSAYEV
MİA.AZ