UEFA Çempionlar liqası liqa mərhələsinin 4-cü turu çərçivəsində bu gün Ağdamın “Qarabağ” Futbol Klubu (FK) İngiltərənin “Çelsi” klubunu qəbul edir.
Mia.az xəbər verir ki, oyun saat 21.45-də T.Bəhramov adına Respublika stadionunda baş tutacaq.
“Qarabağ” bu oyuna “Atletik” (Bilbao) ilə sonuncu qarşılaşmada məruz qaldığı məğlubiyyətin təsirilə, rəqibsə “Ayaks” üzərində parlaq qələbədən sonrakı yüksək əhvali-ruhiyyədə çıxır.
Bakıda hazırda İngiltərə havasıdı. Nədənsə, “Braqa” ilə oyun yada düşür və maraqlıdı ki, onda da yağışlı, çiskinli Bakıda əsl futbol havası vardı. Dumanlı Albionda belə havaya öyrəncəli “Çelsi” özünü burada “öz boşqab”ında hiss edəcək, amma təbii ki, Ağdam klubu üçün bunu demək çətindi.
Dünəndən bəri “Qarabağ” yağışlı, çiskinli havada stadionda məşqlərini davam etdirir. Stadion bizim, azarkeşlərimiz də boldu. Lakin, Qurban Qurbanovun futbolçularının “Çelsi”nin təzyiqinə tab gətirəcəyini hələ ki, yalnız xəyal edə bilirsən.
Yeri gəlmişkən, dünəndən bəri futbol bukmeykerləri mümkün proqnozlarda bəzi dəyişikliklər edib və bu da milyonlarla insanın ehtimal etdiyi hesabların alt-üst olması deməkdi. “Qarabağ”a heç bir halda qol şansı verməyən ekspertlər dünən axşamdan Ağdam klubunun ən azı bir qol vura biləcəyi ehtimalını ortaya qoyur.
Nə dəyişib dünəndən bəri?
“Çelsi” də dünən ayağını Bakıya qoymadı. Texniki heyət, əcnəbi jurnalistlər gəldi, amma futbolçular, baş məşqçi öz ölkəsində mətbuat konfransı keçirdi və son hazırlığını gördü. Avroliqa oyunları çərçivəsində “Kopenhagen”dən sonra bu, ikinci klubdu ki, Bakıda məşq etmək istəmir. Sonuncu klubun baş məşqçisi o zaman demişdi ki, bəzi taktiki addımların rəqib tərəfindən qeydə alınmasını və oyunçuların mənfi enerjiyə məruz qalmasını istəmir.
İndi görəsən, “Çelsi” nə düşündü? Bir az rəqibə yuxarıdan aşağı baxmaq kimi çıxmadı ki bu?
Azarkeşlər demişkən, yenə stadionda “Kopenhagen”lə oyun zamanı yaşanan texniki probemlərin baş verəcəyindən ehtiyat edir hər kəs. Məlum, həmin oyunda biletləri avtomatlarda oxuda bilməyən minlərlə insan oyundan kənarda qalmış, yalnız ikinci hissəyə özünü çatdıra bilmişdi. Çox kədərlidi, elə deyilmi?
Klub bütün biletlərin satıldığını deyir, oyun başlayır, stadion boş. Azarkeş əziyyətlə bilet alır, gəlib qapıda qalır, oyunun ikinci hissəsinə çatır. Çempionlar Liqasının himnini stadionda, gözünün önündə dinləmək istəyənlər bunu divarlar arxasında eşidəcəksə, onda niyə boğazından kəsib bilet alsın ki? Evində dinləyə bilməzmi o himni?
Güman etmək olar ki, bu texniki problemləri azarkeşlər bu gün yaşamayacaq.
“Qarabağ”ımıza uğurlar.
Nəticədən asılı olmayaq, o, bizimdir.
Zülfiyyə Mustafayeva
Mia.az