Xəbər verildiyi kimi, ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və “çirkli pul”ların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı yeni detallar ortaya çıxıb.

Məlumata görə, R.Mehdiyevin vəkilləri Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar. Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var.

Belə ki, “Şərq-Qərb” nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

“Cebheinfo.az” mediada yayılan xəbərlərə istinadən bildirir ki, Ramiz Mehdiyev işində adı xüsusi çəkilən “Şərq-Qərb” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvan kimi Aşıq Ələsgər küçəsi, ev 17 göstərilib. Reyestr məlumatlarında isə göstərilir ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Xatırladaq ki, bu nəşriyyat ölkənin ən məşhur nəşriyyatlarından biri olub.

Uzun illər ərzində hətta indiki Elm və Təhsil Nazirliyinin də sifarişi ilə dərsliklər, dərs vəsaitləri məhz bu nəşriyyatda çap edilib. Sabiq deputat Etibar Əliyev bildirib ki, nazirliyin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edilib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödənilib.

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi də “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) olub. Nazirlik qalib şirkətlə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayıb.