Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.
Mia.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.
O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: "Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir".