Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
İdarədən Mia.az-a verilən məlumatda bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalqın təqdir etdiyi hadisədir: "Bu il də humanist ənənəni davam etdirərək qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək".
Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:
"Eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edilərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunlara əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir".
Vurğulanıb ki, din xadimləri Vətən sevgisi, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar etməli, xütbələr oxumalıdırlar: "Bu tövsiyələri bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər".