Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Yadigar İsrafilov dindirilib.
O bildirib ki, Nizamini ortaq dostları vasitəsilə tanıyıb:
"Pul qazanmaq niyyətimiz vardı. Birinci dəfə 8 min dollar verdim, müəyyən qədər faizlə pulu qaytardı. İşlərimiz əvvəl çox yaxşı gedirdi. Mütəmadi olaraq pul verirdim, qaytarırdı. 2023-cü ildən sonra problemlər yaradı. 200 min dollar vermişəm. Həmin pulu iki dəfəyə verdim. Yanında digər zərərçəkən Zeynal Usubov olub. Demişdi ki, qazancın 50 faizi mənimdir. Pulları investisiya saytında işlədib qazanc qaytarcaqdı. Hər ay 2500 dollar pul verirdi. Ümumilikdə, 200 min dollardan 40 min dolları qaytarıb".
Zərərçəkən deyib ki, hazırda pulunu tələb edir və şikayətçidir:
"Zeynal Usubovla dost olmuşam. Ortaq biznesimiz olub. Onun işlətdiyi obyektlərdə işləmişəm. Zeynalın vasitəsilə avtosalonlarla işbirliyi etmişik. Əvvəllər mən Dubayda fəaliyyət göstərirdim. Orada da maşın işi ilə məşğul olmuşam. Hazırda orada yaşayıram".
Mia.az xatırladır ki, Nizami Alışan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.