Bəzən adamlara ən sadə həqiqətləri başa salmaq olmur. İnsanlar reallıq hissini itirirlər və nəticədə gülməli vəziyyətə düşürlər.
Bizim hərbi hissədə bir qadın vardı. Qərargahda işləyirdi. Təbiət ona gözəllik əta etməmişdi, amma çox gözəl olduğuna inanırdı. Heç kim ona reallıqda necə olduğunu başa sala bilməzdi.
Zabitlər zarafatla ona kompliment deyirdilər və o qadın bu komplimentləri həqiqət kimi qəbul edirdi. Hərbi hissələrdə ən eybəcər qadına belə tamah salan olur. Bir-iki əsgər ona sevgi məktubu yazmışdı. Qadın bu məktublardan kəskin şəkildə təsirlənərək inanmışdı ki, o, dünyanın ən gözəl, ən cazibədar qadınıdır...
Sual oluna bilər, bu qədər məsləhət verirsən, amma özün niyə bu gündəsən, niyə həyatda heç nəyə nail ola bilməmisən. Üstəlik misal da çəkə bilərsiniz – keçəl dərman bilsə öz başına sürtər. Düzdü. Haqlısınız. Yerində verilmiş sualdı.
Bu suala qısa və konkret cavab verəcəm.
Həyatı tanımaqla həyatı tanımaqdan istifadə etməyi bacarmaq arasında böyük məsafə var. Bir də ki, indi sizə verdiyim düsturları, məsləhətləri gənc olarkən keç kim mənə vermədi. Heç kim məni qarşısına qoyub həyatın nə olduğunu başa salmadı. Qarşıda məni nələr gözlədiyini demədi. Həyat teatr deyil məşq edib səhnəyə çıxasan. Həyatda məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Heç kim başa salmadı ki, karyera və dostluq, karyera və mərhəmət, karyera və vicdan, karyera və sədaqət, karyera və ləyaqət bir-birilərinə zidd qütblərdir.
O vaxtlar mən necə böyük arzularla yaşayırdım. Hər şey məhv oldu. İndi hər şey mənim üçün mənasızdır. Həm keçmişim, həm gələcəyim. İstəmirəm ki, həyatda buraxdığım səhvləri siz də təkrarlayasınız. Davam edək.
Həyatda inkişaf etməyin ən qısa və rahat yollarından biri varlı qızla evlənməkdir. Evlənərkən ürəyə, hisslərə deyil, ağıla üstünlük verin. Gözəlliyə, əxlaqa, davranışa filana aldanmayın. Qızın keçmişinə, yaşına, fiqurasına, gözəlliyinə fikir verməyin. Kənizin gözəlini seçərlər. Özünüz düşünün, bir ev almaq üçün sən nə qədər işləməli, əziyyət çəkməlisən. Ömrünün yarısı bir yuva qurmağa sərf olunacaq. Halbuki ürəklə, hisslərlə deyil, ağılla seçim edib evlənsən, ev problemini asanlıqla həll edə bilərsən. Üstəlik bütün avadanlıqlarla da təmin olunarsan. İşə ədəbiyyatı qatsaq, kasıb ailədə böyümüş qızı qanqallıqda bitən gülə bənzətmək olar.
Ağıllı olun. Sizə əsla qanqallıqda bitən gül lazım deyil. Kasıb qızla əsla və əsla evlənməyin. Həyat onu sübut edir ki, qanqallıqda bitən güldənsə, dibçəkdə satılan süni gül daha sərfləlidi.
Seçim edərkən seçiminin keçmişi haqqında əsla fikirləşmə. Buna heç gərək də yoxdu. Qalibləri mühakimə etmirlər. Varlanandan sonra kimin ağzı nədi sənin seçiminin keçmişi haqqında nəsə pis söz desin. Mümkün deyil.
Gəlin Don Kixot əsərindən Sançoyla arvadının dialoqunu yada salaq. Bildiyiniz kimi Don Kixot öz yaraqçısı Sançoya qubernatorluq vəd etmişdi. Sançonun sadəlövh arvadı ərinə sual verir ki, bəs mən zadəgan nəslindən deyiləm, adamlar bu işə necə baxacaqlar. Sanço isə ona yaxşı bir cavab verir. Deyir - sən qubernator arvadı olandan sonra adamlar sənin keçmişin haqqında o qədər gözəl əhvalatlar, əfsanələr uyduracaqlar ki, sən özün də bu əfsanələrə inanacaqsan.
Qısası, sevgidi, məhəbbətdi, vicdandı, mərhəmətdi, sədaqətdi, ləyaqətdi, bu kimi sözlərə aldanmayın. Realist olun. Həyatda mövqe qazanmaq üçün evlənmək çox böyük bir şansdır. Sevgi, məhəbbət, ləyaqət kimi sözlərə uyub bu şansı əldən qaçırmayın. Unutmayın, həyat ağzını əjdaha kimi açıb öz qurbanlarını gözləyir. Udur, udur, udur, amma doymayır.
...Mən çox adam görmüşəm, beş il, on il, on beş il vicdanla yaşayıblar, sonra birdən dönüb yaramaz olublar. Bilirsən, niyə? Çünki daha dözə bilməyiblər. Sınıblar. Əziliblər. Hərənin öz dözüm limiti var. Maraqlıdır, bəs sən özün nə qədər dözə biləcəksən? Beş il, yeddi il, yoxsa on il? Diqqətlə düşün, axıra qədər dözə biləcəksənmi? Bir başa düş, anla ki, səndə fiziki gücdən başqa bir ruh da var. Bu ruh səni eşşəkdən və sürünən heyvanlardan ayırıb yüksək mərtəbəyə qaldırır.
Hər kəs, hətta səfehlər də ağır fiziki əməklə məşğul ola bilər. Ağıl isə yalnız bəzi adamlara nəsib olur. İnsanların çoxu, təəssüf ki, zülmətdə, yəni əbədi cəhalətdə yaşamağa məhkum olublar. Onların idrak qabiliyyətləri son dərəcə məhduddur. Biz onların dərdini çəkməməliyik. Çünki onları köləlikdən necə qoruyursan qoru, fərqi yoxdur, onsuz da ölüb çürüyəcəklər. Bizim adına həqiqət, mənəviyyat, vicdan dediklərimiz çoxdan ölüb gedib. Yalnız bir neçə axmaq həqiqət uğrunda dava aparır. Onlara səmimi qəlbdən qələbə arzu etmək olar, amma bu davada şəxsən iştirak etməyə, məhrumiyyətlərə düçar olmağa, həyatı təhlükə altına qoymağa əsla dəyməz. Bizim müasir dünyamızda meymunluğun insanlıqdan çox olması insana xoşbəxtlik gətirir.
Gəncliyin öz əbədi problemləri var. Gənc insanda mənəvi aləm inkişaf edir, əvəzində isə adi həyat məsələlərində çox geri qalır. Gənc insan həyatdan çox şey istəyir və həyatın kobudluğu, səfehliyi ilə barışa bilmir. Sən bu günün az şeyə qane olan dünyası üçün həddindən artıq iddialısan. Zəmanə, dünya, pul, karyera çox vaxt dayaz adamların əlində olacaq, mənəviyyat cəngavərlərinə, əsl insanlara səfalətdən, ölümdən başqa heç nə qalmayacaq. Pulun gücü böyükdür. Bunu yadında saxla. Özün də fürsəti əldən vermə. Yaşa! İnsan ömrü qısadır.
Bizim müasir dünyamızda elə bir zor hökm sürür ki, bu zorun qabağında yalnız və yalnız hiyləgərliklə dayanmaq olar. Mən əclaf deyiləm. Məqsədim adamları islah etmək, yalnız və yalnız adamları öyrətməkdir. Bunu da belə amansız zəmanədə yalnız amansız vasitələrlə etmək olar. Başa düş, bizim müasir dünyamızda ya kölə olmalısan, ya da qəhrəman. Orta hədd yoxdur.
Seçim sənindir. Əgər sona qədər qəhrəman olmağı bacaracaqsansa, buyur, meydan səni gözləyir. Əgər sona qədər dözməyi bacaracaqsansa, bir yazar kimi sənə uğurlar arzulamağa hazıram.
Əgər qəhrəman olmağa özündə lazımi cəsarəti, iradəni görmürsənsə, bəri başdan köləliyi qəbul etməlisən. Yarımçıq vicdan, yarımçıq həqiqət, yarımçıq qürur olmur. Yarımçıq qəhrəman olmaqdansa, bütöv kölə olmaq daha yaxşıdır. Böyük Nizami necə də gözəl demişdir.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
P.S İstifadə olunmuş ədəbiyyat - Herman Hesse - Yalquzaq , Balzak - Qorio Ata, Polkovnik Şaber, Qobsek.