Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan altı postsovet respublikasının - Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanın - Avroatlantik strukturlara inteqrasiyasının qarşısını almaq üçün Rusiyanın həyata keçirdiyi siyasəti dərindən təhlil edəndə, rəsmi Moskvanın hadi-sələrin inkişafından asılı olaraq müxtəlif taktikalara əl atdığı görünür.

Rusiyanın avtoritar ölkə olduğunu nəzərə alsaq, əslində Moskvanın indiyədək həyata keçirdiyi üç fərqli taktikanı Putinin "A", "B" və "C" planları kimi dəyərləndirmək olar. 

"Şərq Tərəfdaşlığı" Proqramı özünün məntiqli sonluğuna - Avropa qitəsinə aid edilən altı postsovet res-publikasının Avroatlantik strukturlara inteqrasiyasına yaxınlaşdıqca, Putinin "A" planı işə düşdü. Bu plan postsovet respublikalarını qorxudaraq Rusiyanın nüfuz dairəsində saxlamağa hesablanmışdı.

 
Ədalət naminə qeyd etmək lazımdır ki, Putinin bu günə kimi tətbiq etdiyi planların içərisində ən effektlisi məhz "A" planı olmuşdur.
Heç kim inkar edə bilməz ki, məhz bu planın nəticəsi olaraq "Şərq Tərəf-daşlığı" Proqramına daxil olan altı ölkədən yalnız üçü - Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzaladı. Yəni, Kreml, Putinin "A" planı ilə altı respublikadan üçünü Avroatlantik strukturlara inteqrasiyadan çəkindirə bildi. Əlbəttə, Maydan Hərəkatı olmasaydı, Putinin "A" planı-nın təsiri daha çox olardı. 


Məlum olduğu kimi, Putinin "A" planının nəticəsi olaraq Ukraynanın keçmiş iqtidarı Assosiasiya Razılaşmasını imzalamaqdan son anda imtina etmişdi. Yanukoviç iqtidarının bu addımına Ukrayna xalqı Maydan Hərəkatı ilə cavab verməsə və Kiyevdə hakimiyyət dayişikliyi reallaşmasaydı, Avroatlantik strukturlara inteqrasiya yolunda Moldova və Gürcüstan da bu qədər qətiyyətli ola bilməzdi. 


Amma Ukrayna xalqının Maydan Hərəkatı Putinə "A" planını tam reallaşdırmaq imkanı vermədikdə, Rusiya diktatoru dərhal "B" planını işə saldı. Putinin "B" planı Rusiyanın təsir dairəsində qalmaq istəməyən respublikaları parçalamağa yönəlmişdi. Bu planın işə düşdüyü günlərdə Rusiyanın Ukrayna və Moldovanı parçalayacağı qorxusu böyük idi. Bu qorxu Krımın ilhaqından sonra daha da artmışdı. Çoxları Ukrayna və Moldovanın parçalanacağına, Rusiyanın Krım kimi Dnestr çayının sol sahilini özünə birləşdirəcəyinə şübhə etmirdi. Dnestr çayının sol sahilində yaşayanlara Rusiya pasportlarının verilməsi, Ukraynanın Şərq və Cənub vilayətlərində separatizmi qızışdırması, ən nəhayət, bu bölgələrə döyüşçü və silah göndərməsi Putinin "B" planında nəzərdə tutulurdu. 


Əgər Ukrayna xalqı, bu ölkənin yeni hakimiyyəti separtizmə qarşı sərt mübarizəyə başlamasa və ABŞ-ın prinsipial mövqeyi olmasaydı, Rusiya Krımla yanaşı, Ukraynanın və Moldovanın bir hissəsini də ilhaq edə bilərdi. Lakin Ukraynanın Kremlin gözləntilərinin əksinə olaraq, Rusiya ilə qarşılaşmaq qorxusuna qalib gələrək, separtçılara qarşı sərt mübarizəyə başlaması Putinin "B" planının iflasa uğramasına səbəb oldu. 


ABŞ-ın Rusiyanı digər ölkələrdən təcrid etmək gücünə və iradəsinə sahib olması, Ukrayna və Moldovanın hətta müharibəyə səbəb olsa belə, geri çəkilməmək qərarı, Rusiyada anti-müharibə əhval-ruhiyyəsinin güclənməsi Putini "B" planından imtina etməyə və "C" planını işə salmağa vadar etdi. 


Putinin yeni planı Rusiyanın təsir dairəsindən çıxmağı bacaran ölkələrdə Moskvanın təsir dairəsində olan qüvvələrin siyasi səhnədə iştirakını qoruyub saxlamağa yönəlib. Son bir neçə ildə Moskva Avropa Birliyinin bəzi ölkələrinə qarşı bu siyasəti yürüdür. Moskvanın bu istiqamətdə bəzi uğurlar qazanmasını da inkar etmək olmaz. Rusiyanın postsovet respublikalarına qarşı aqressiv siyasətinə qarşı Avropa Birliyinin prinsipial mövqe tuta bilməməsinin əsas səbəblərindən biri də budur və Moskvanın Avropadakı "5-ci kalon"u artıq siyasi qərarların qəbuluna təsir etmək gücündədir. Moskva indi də Avroatlantik strukturlara inteqrasiya kursundan döndərə bilmədiyi, parçalamağa gücü çatmadığı Ukrayna və Moldova-da "5-ci kalon"u gücləndirməyə çalışır. Ukraynanın Şərq və Cənub vilayətlərində sülhə nail olmaq üçün aparılan danışıqlarda Moskvanın yeni təklifləri də buna xidmət edir. 

Məlumatlara görə, Rusiya, Almaniya, Fransa və Ukrayna arasında gedən diplomatik danışıqlarda Moskvanın israr etdiyi məsələlərdən biri də Viktor Medvedçukun Donetsk vilayətinin, Medçukun müavini Nestor Şufriçin Luqansk viləyətinin qubernatorları təyin edilməsidir. 

Təhlilçilər hesab edirlər ki, Moskva indiki halda bu iki şəxsi Ukraynanın iki vilayətinin rəhbərliyində saxlamaqla qarşıdan gələn parlament seçkilərində Rusiyayönümlü qüvvələrin tam məğlubiyyətinin qarşısını almağı və gələcək Ali Radada güclü fraksiya yaratmağı planlaşdırır. Əgər Moskva Putinin "C" planının elementləri olan bu addımları həyata keçirə bilsə, Ukraynanın siyasi həyatında "5-ci kalon" məsələsi uzun müddətə həll edilmiş olacaq. 

Postsovet respublikalarının Avroatlantik strukturlara inteqrasiyasının qarşısını almağa çalışan Putin, Ukraynanı əsas diqqət mərkəzində saxlasa da, digərlərini də unutmur. Putinin "C" planında Moldova ilə bağlı da müddəalar yer alıb. Belə anlaşılır ki, Krımı ilhaq etdiyinə, Ukraynanın Şərq və Cənub vilayətlərində separatizmi qızışdırdığına görə ABŞ-ın qəzəbinə tuş gələn Rusiya eyni hərəkətləri Moldovada etməkdən çəkinir. Çünki ABŞ-ın təşəbbüsü ilə tətbiq edilən kiçik sanksiyalar belə, Rusiyaya güclü zərər vurur və sahələr üzrə sanksiyalar gündəmdədir. Rusiya iqtisadiyyatının bu sanksiyalara davam gətirməyərək çökəcəyindən qorxan Putin, daha riskə getmək istəmir və Moldovadakı sakitlik də bunun nəticəsidir. Ancaq Putin Moldovanı unutmayıb. Rusiya Putinin "C" planında Moldova üçün nəzərdə tutulan müddəaları bu ilin payızında, parlament seçkiləri zamanı həyata keçirməyə çalışacaq. 

Məlum olduğu kimi, Moldovada Rusiyayönümlü solçu qüvvələr çox güclüdür və onlar payızda revanş götürmək niyyətindədirlər. Bu qüvvələrin təmsilçiləri son zamanlar tez-tez Moskvada olur, Kremldən təlimatlar alırlar. 


Solçu qüvvələrin şansını artıran məqamlar isə Rusiya ilə iqtisadi münasibətlərin pisləşməsi və bunun Moldovanın sosial həyatında göstərəcəyi təsir ola bilər. Moskva Rusiyaya miqrasiya etmiş bir neçə yüz min Moldova vətəndaşının bir hissəsini deportasiya etməyi planlaşdırır ki, bu da rəsmi Kişniyov üçün təhlükəlidir. Bundan başqa, Moskvanın Dnestryanı respublikaya qarşı siyasətini dəyişməsi və bununla Moldova vətəndaşlarının bir hissəsini öz tərəfinə çəkməsi də mümkündür. 

Moskvanın nəzarətində olan, bütün dünya boyunca səpələnmiş media şəbəkəsi, piar təşkilatları da Moldovanın onsuz da kövrək olan koalision hökumətinin beynəlxalq aləmdəki mövqeyinin zəifləməsinə və beləliklə, məğlubiyyətinə öz tövhələrini verə bilərlər. 


Putinin "A" və "B" planlarının yaratdığı problemlərə baxmayaraq, Avroatlantik strukturlara inteqrasiyada qətiyyətli hərəkət edən Gürcüstan, Ukrayna və Moldovanın siyasi qüvvələri də Rusiya diktatorunun son planından xəbərdardır. Buna görə də onlar təcili olaraq, bəzi addımlar atırlar. Məsələn, artıq Moldova parlamenti Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını ratifikasiya edib. Ukrayna parlamentinin isə eyni addımı gələn həftə atacağı gözlənilir. Artıq Ukrayna parlamentinin aparıcı fraksiyaları prezident Petr Poroşenkoya müraciət edərək Assosiasiya Razılaşmasını ratifikasiya etmək üçün ləngimədən Ali Radaya göndərməyi tələb ediblər. 

Ukrayna və Moldovanın tələskənliyini başa düşmək olar. Çünki özünün çox rahat hiss edən və Assosiasiya Razılaşmasını bu ayın sonunda ratifikasiya etməyi planlaşdıran Gürcüstandan fərqli olaraq, bu iki respublikada siyasi proseslər sabitləşməyib. Bu iki respublikanın vətəndaşları gürcülərdən fərqli olaraq, Qərb dəyərlərinin tətbiqini öz üzərlərində hiss etməyiblər. Demokratik və azad cəmiyyətin üstünlüklərini görmədən Avroatlantik strukturlara inteqrasiyanın yarada biləcəyi keçici problemlər Rusiyayönümlü qüvvələrin revanş götürməsinə səbəb ola bilər ki, bu da Putinin "C" planının baş tutması demək olardı. 

Moldova və Ukrayna kimi Avropa ölkələri də bunun fərqindədir. Buna görə də onlar Ukrayna, Moldova və Gürcüstanla imzalanmış Assosiasiya Razılaşmasını qısa müddətdə təsdiq etmək niyyətindədirlər. Artıq Rumıniya parlamenti üç keçmiş sovet respublikası ilə Assosiasiya Razılaşamasını ratifikasiya edib. Bu prosesin sentyabr ayına kimi bitməsi gözlənilir.

Belə görünür ki, Ukrayna və Moldovanın Avroatlantik strukturlara inteqrasiya yolunda çətinliklərlə dolu bir neçə ayı qalıb. Bundan sonra bu respublikalar da Gürcüstan kimi Avropa ölkəsinə çevrilmək üçün bir istiqamətə - Qərbə doğru hərəkət edəcəklər.