Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən İ.Səlimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.    

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. İ.Səlimovun Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmü ləğv edilib, CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraatına xitam verilib.

İttihama görə, hadisə 12 iyul 2022-ci il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri, 9-cu Mikrorayon ərazisində yerləşən parkda qeydə alınıb.

Belə ki, İ.Səlimov zərərçəkmiş İ.Məmmədovla mübahisə edib. Buna səbəb zərərçəkmişin ona qızı yaşında qızlara sataşmamasını irad bildirib. Təqsirləndirilən şəxs də bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan parkda olan vətəndaşların gözü qarşısında bıçaqla qəsdlə zərərçəkmişin boğaz nahiyəsinə 1 dəfə vuraraq xəsarət yetirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib.