"Mənə çatan məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin rektor əvəzi, ixtisasca filoloq Vazeh Əsgərov rəhbərlik etdiyi unversitetdə həm də tələbəlik edir. Yəni, ikinci təhsil alır. Vazeh YAP İdarə Heyətinin üzvü olsa da elmə bu cür həvəsini alqışlayıram. Ona təhsildə uğurlar diləyirəm".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Natiq Ədilov sosial media hesabında yazıb.
O, daha sonra yazıb: "Ümid edirəm, Vazeh müəllim səlahiyyətlərindən istifadə edib imtahan, zaçot və kurs işlərində özünü yuxarılara tapşırtmaz. Tələbə Vazeh, inşallah, məzun ola bilsə, energetik olacaq. Beləliklə, bizim enegetika sahəmiz onun filoloji, poetik bacarıqları ilə cilvələnəcək. Vazeh müəllimdəki elmi şövqü görəndən sonra mənə elə gəlir ki, o, bir "kruq" da vurub orta məktəbdə şagirdlik etməyə gedəcək".
Rektor bu iddia ilə balı Modern.az-a açıqlam verib: "Belə bir şey yoxdur. Mən 14 il təhsil almışam, 4 il Azərbaycanda bakalavr pilləsində oxumuşam, 10 il isə xaricdə. Yayılanlar hamısı boş söhbətlərdir".
Qeyd edək ki, Vazeh Əsgərov 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-cı ildən UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.
O, 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru təyin edilib və ona ADNSU-nun rektoru vəzifəsini icrası tapşırılıb.
Xatırladaq ki, ADNSU-nun əvvəlki rektoru Mustafa Babanlı 2023-cü ildə vəzifəsindən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.
Samir Musayev
MİA.AZ