TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib.
Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Məlumat üçün bildirək ki, bir müddət bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb və BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.
TƏBİB-in İcraçı direktorunun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli də təsdiq edilib. TƏBİB-in Müşahidə Şurasının 9 iyul 12-Q/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağciyər Xəstəlikləri Mərkəzinin strukturuna daxil edilən xəstəxana, dispanser, şöbə və kabinetlərin siyahısı”nda qeyd edilən və TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.
Yeni mərkəzin yaradılmasında məqsəd TƏBİB-in tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır.
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilən Nəhmət Rəhmanova 1970-ci ildə Yardımlı rayonunun Canaxbulaq kəndində anadan olub.
1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsili alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur.