"Hacıbaba müəllim orijinal insan, böyük ustad idi. Elə qəzəllər var idi ki, oxumurdu, demirdi amma mən bir şagird kimi onları "oğurlayırdım". Bir gün ona dedim ki, olar "Humayun" dərsini zapisə yazım? Dedi ki, maqnitofon gətir, yaz. Sonra fikrini dəyişib dedi ki, maqnitofon lazım deyil, sənə öyrədərəm. Evə qanıqara gəldim. O vaxt plasmas güllər var idi. Gülü götürüb mikrofonu gülün içinə qoydum, gülün içindən "baqajnik"-ə bir tok çəkdim, akumulyator vasitəsi ilə. Mikrofonu da qoydum sinifdə Hacı müəllimin yanına. Dərs başladı. Dedi ki, mənim sənin kimi səsim olsaydı dilrüba oxuyardım. Daha düşünmürdü ki, səsini, oxumağını yazıram. Gedib həmin ifanı toyda oxudum. Sonralar ona səsini yazdığımı dedim. Dedi ki, halal xoşun olsun. Əsas odur ki, mənə halallıq verdi"
Mia.az xəbər verir ki, bunu xalq artisti Alim Qasımov deyib. Xanəndə gənclərə tövsiyyə də edib:
"Bir gün çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Meydan var, yaxşılar onsuz da yetişir. Elə-belədən sənətkar olmaq olmur. İllərdir ki, dünya səhnələrində muğamımızı təmsil və təbliğ edirik. Bizə ən gözəl qiyməti də elə xalqımız, dövlətimiz verir. Dilimizi, mədəniyyətimizi bilməyən insanlara muğamımızı sevdirməkdən böyük qürur hissi yoxdur. Ona görə də sənətlə ciddi məşğul olmaq lazımdır. Niyə Hacıbaba müəllim bu gün yaddan çıxmır? Çünki əsl sənətkar olub. Sənətdən başı çıxanlar mütləq şəkildə onu dinləyirlər, qulaq asırlar. Bu kişi qəzəli oxuyanda qəzəli dəbə saldı. Bu gün nə qədər xanəndə varsa mütləqdir ki, onların hər biri Hacıbaba Hüseynovdan yararlanıb. Bu mütləqdir ki, belədir" deyə xalq artisti bildirib. /moderator.az