“Durduğun yerdə səndən cərimə almırlar ki. Kimə deyirlər ki, evində oturmusan, dur gəl cərimə ödə? Siz də müəyyən yerlərdə oxumusunuz ki, “bura zibil atanı...” Etikadan kənar sözlər yazırlar. Bunu yazan vətəndaşdır də. Hansısa dövlət strukturu deyil ki. O vətəndaş istəmir ki, qapısının ağzına zibil atsınlar. Zibil konteynerləri də rəngarəng bölünüb. Zibili zibil qutusuna atsınlar. Cərimə edirlərsə, artıq bu, zibili qutuya atmayanın günahıdır. Yaxud sürücüyə deyilir ki, qırmızı işıqda keçmə. Birinin ayağını vurub sındırsa, birinin uşağını öldürsə, səsi bütün aləmə düşəcək. Və ya kimsə deyir ki, övladımın yanında siqaret çəkmə, ona pis təsir edir. Siqareti qoymusan damağına, dayanacaqda siqaret çəkirsən. Hamilə qadın da var, yetkinlik yaşına çatmayan da, siqaret çəkənə baxıb, tərbiyəsi pozulan da”.

 Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov “TV Müsavat”ın efirində deyib. 

“Bir həftə öncə Mir Mövsüm Ağanın ziyarətgahına gedirdim. Qarşı tərəfdə gedən avtomobilin sürücüsü əriyi yeyir, tumunu da pəncərədən yola atırdı. Maşını saxlada bilmədim, içində qadın, uşaq da var idi, olmasaydı, saxlatdırıb bir-iki kəlimə söz deyəcəkdim. Tumu atırsan, o biri maşının təkərindən çıxıb, digərinin şüşəsinə dəyə bilər, sürücü çaşıb qəza törədər. Yaxud biri “Redbull” içib, dəmir qabını maşın yoluna atır. Maşınına qoy, zibil qabına çatanda atarsan. Belində daşımırsan ki. Cərimələr bu cür insanlardan ötrüdür və əvvəl də var idi. Lakin statistika göstərdi ki, insanlar riayət etmirlər. Cərimələrin artırılması məhz bununla bağlıdır ki, artsa, insanlar riayət etməyə çalışacaqlar. Cərimələr minimum əməkhaqqı və digər məsələlərlə ölçülmür, sırf vətəndaşın törətdiyi əməllə ölçülür. Deyirik ki, avtobus yoluna çıxma. Oturmusan maşında, kondisionerin var, rahat gedirsən. Avtobusda isə 40 nəfər minib. Sən 40 nəfərin hüququnu pozub, onun yolu ilə getməlisən? Hesablasan, qanunu pozduğuna görə 40 nəfərin hərəsinə 15 qəpik cərimə düşür”, - o bildirib. 

S.Novruzov cərimə olunub-olunmadığı və cərimələrlə büdcə doldurulması barədə sualı isə belə cavablandırıb: “Nəqliyyat vasitəsini özüm sürmürəm. Heç şəxsi maşınım da yoxdur. Xidməti avtomobildən istifadə edirəm. İndiyə qədər belə şey olmayıb ki, qaydanı pozum, cərimə ödəyim. Bütün vətəndaşlar cəriməni ödəməlidirlər. Onda biri desin ki, mən vəzifə daşıyıram, "qazpulu", "supulu" verməyim. Nə qədər qanun pozuntusu var ki, cərimədən yığılan vəsait büdcəni doldursun? 2024-cü il üzrə büdcə dolub, 3 milyard da artıq qalıb. Sosial təminatda da, minimum əməkhaqqında da, pensiyada da kifayət qədər artımlar nəzərdə tutulub. Digər sahələrin də hər birində kifayət qədər artım var. Neçə milyon manat cərimə yığılır ki, o da büdcəyə təsir etsin? Cərimə artımının büdcə ilə heç bir bağlılığı yoxdur. Əməkhaqqılar 2-3 dəfə artırıla bilməz. Bu heç bir dünya ölkəsində də, bizdə də mümkün deyil. O vaxt Pənah Hüseyn Baş nazir olanda demişdi ki, biz hakimiyyətdən getsək, əməkhaqlarını 3 dəfə artıracağıq, bizdən sonra gələn hökumət verə bilməsin, bizi yenidən hakimiyyətə gətirsinlər. Əməkhaqqı və pensiyalar müəyyən faiz və indeksasiya ilə arta bilər. Hər şeyin arxasında iqtisadi məsələlər dayanır. Milli Məclisdə çox məsələ qaldırırılır, bəzilərini mətbuat vermir, bəziləri qapalı iclaslarda səsləndirilir. Nəticədə dəvət olunan nazirlərlə, aidiyyəti şəxslərlə ciddi söhbət aparılır. Deyilir ki, qiyməti qaldırırsınızsa, mənbəyini göstərin. Hərdən populist çıxışlar olur. “Filan nazirin bu qədər pulu var”. Hər şeyin mənbəyi olmalıdır. Proqnozlarda göstərilmir ki, hansı cərimələrdən büdcəyə gəlir gəlib”. 

S.Novruzov AYNA-nın fəaliyyətindən də danışıb: “Yeraltı parklama yerləri çox bahadır. Bunu ucuzlaşdırmaq lazımdır. Qiymətlər vətəndaşın cibinə cavab vermir. Vətəndaş məcburdur ki, maşını hansısa qadağan olunmuş yerdə, həyətdə saxlasın, nəticədə də cərimələnir. Məktəbin qarşısında uşaq maşından düşür, valideyn gözləməlidir ki, uşaq məktəbin qapısından keçsin, ondan sonra getsin. Dərhal onu cərimələyirlər ki, niyə burada maşını saxlamısan?”