"Biz İran prezidentinin olduğu helikopter qəzasının səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasına münasibətdə deyib.
Zaxarova bildirib ki, rəsmi Moskva helikopterdəki iranlı yüksək vəzifəli şəxslərin taleyi ilə bağlı məlumatları diqqətlə izləyir: "Onların sağ olduqlarına ümid edirik. Eyni zamanda, Rusiya hələ də tapılmayan helikopterin tapılması və hadisənin səbəblərinin araşdırılması üçün lazım olan hər cür yardımı göstərməyə hazırdır".
Xatırladaq ki, Prezident İbrahim Rəisi helikopterlə İran-Azərbaycan sərhədində hidroqovşağın açılışında iştirak edib. O, daha sonra İran tərəfdə bəzi tikliləri helikopterlə müşahidə edərək geri dönərkən qəzaya uğrayıb. Hələ də qəzaya uğrayan helikopterin hara düşdüyü və ölkə başçısının sağ olub-olmaması barədə isə rəsmi məlumat yoxdur.
Zülfiyyə
MİA.AZ