Məşhur latış yazıçısı Anatol İmermanis əvvəllər rəğbət və hörmət bəslədiyi ermənilərdən nəyə görə incidi?
Yığcam bir xatırlatma: Anatol İmermanis - latış yazıçısı. Şair, nasir, kinodramaturq, rəssam. 1914-cü ildə Moskvada kurlyand (Kurlyand-Litvanin qərbində yerləşən qədim hersoqluq-F.M.) qaçqının ailəsində doğulub. Özəl gimnaziyada təhsil alıb. Sonralar Riqa şəhərində İngilis Universitetinin kommersiya fakültəsini bitirib. Gəncliyində bir çox müəssisələrdə fəhlə kimi çalışıb. Tələbə ikən Riqa Xalq Universitetinin ədəbiyyat və jurnalistika seminarlarında iştirak edib. Latviyada faşistlərin dövlət çevrilişi zamanı (1934-cü ildə) İmermanis inqilabi fəaliyyətinə görə beş il həbs cəzasına məhkum edilmişdir. Baltikyanı ölkələrdə Sovet hakimiyyətinin qələbəsindən sonra (1940-cı illərdə) həmkarlar təşkilatının rəhbərlərindən biri olmuş, jurnal redaktoru işləmişdir. İkinci Dünya müharibəsi başlayarkən fəhlə atıcı batalyonunun könül-lülərindən biri kimi ön cəbhəyə yollanmış, latış diviziyasının döyüşçüsü olmuşdur. Müharibədən sonra bir müddət radio və qəzetlərdə əməkdaşlıq etsə də, 1948-ci ildən sonra özünü tamamilə ədəbiyyata həsr edib. Yüzdən çox kitabın müəllifidir. Əsərləri onlarca dilə tərcümə olunub. Əsasən, detektiv yazıçı kimi məşhurdur. 1998-ci ildə 84 yaşında vəfat edib. Elə mənim söhbətimin qəhrəmanı da Anatol İmermanisdir.
... Bir vaxtlar Moskvada - Ədəbiyyat İnstitutunun yataqxanasının birinci mərtəbəsində "Gəlmə yazıçılar üçün qonaq evi" vardı. Əslində bu ev səliqəli, xudmani bir mehmanxana idi və əsasən, əyalətlərdən gələn yazıçılar burada məskunlaşırdılar. Ötən əsrin sonlarında mən də bir neçə dəfə həmin "ev"də qalmalı olmuşam. Orada sonuncu dəfə qonaq olduğum çağları indi də bütün təfərrüatı ilə xatırlayıram.
Əvvəlcə mən iri, dəm-dəstgahlı bir otaqda tək-tənha qalırdım. Amma sonra yanıma Ermənistandan gəlmiş orta yaşlı bir yazıçı göndərdilər. İndi familyasını unutduğum bu erməni sakit, yaltaq bir adam idi; söhbətlərində Azərbaycanı, azərbaycanlıları tərifləyir, bizim qədim dostluğumuzdan, qardaşlığımızdan danışırdı.
İki-üç gündən sonra qonşu otağa başqa erməni yazıçılar gəldilər. Onlar iki nəfər idi. Mənim otaq yoldaşım da köçüb onların yanına getdi. Elə həmin gün mənim otağıma yaşlı bir yazıçı göndərdilər: bu, beli əyilmiş, arıq, keçisaqqal, bəstəboy bir adam idi. Uzaq səfərlərə çıxan səyyəhlara bənzəyirdi; çiyindəki iri əzik-üzük brezent torbası odun şələsinə bənzəyirdi. Yaşı yetmişi ötmüş bu adamın çuxurda işıldayan gözlərində qəribə bir hiyləgərlik ifadəsi vardı. Çiyin sumkasını çarpayının üstünə atıb arıq, quru əlini mə-nə sarı uzatdı:
- Anatol İmemanis.
Mən də özümü təqdim etdim.
O, diqqətlə üzümə baxib soruşdu: - Məncə, qafqazlısan?.. Səhv etmirəm ki?
- Elədir, düz tapmısız...
O, deyəsən otaq yoldaşının (yəni mənim) haralı olduğunu elə mehmanxananın növbətçisindən soruşub öyrənmişdi. Məlum oldu ki, İmermanis latış şairi və yazıçısıdır. Şeirlerini rus, nəsrini isə latış dilində yazır. O, bir neçə gün Moskvada qalandan sonra, səhv etmirəmsə, Çexoslovakiyaya gedəcəkdi - orada onun romanının nəşri gözlənilirdi.
Mənim müşahidələrimə görə Anatol, özündənrazı, cığal bir adamdı. Yaşına, saç-saqqalına yaraşmayan söhbətlər və hərəkətlər edirdi. Təkcə bir faktı deyim ki, otaqda azacıq istirahət edəndən sonra o dəhli-zə "ova" çıxdı; bu, onun öz ifadəsi idi:
- Gedim görüm "ov" varmı?
- nə "ov"?
- Mən gözəl xanımların ovçusuyam.
Qəribə xasiyyəti vardı İmermanisin. Güləndə siçan kimi civildəyir, arıq çiyinləri atılıb-düşürdü. Hirslənəndə öz-özünə danışır, latış dilində asıb-kəsirdi. Vaxtilə, qurultay və tədbirlərdə bir sıra Azərbaycan yazıçı və şairi ilə görüşüb tanış olmuşdu. Mən arada istəyirdim ki, onun Azərbaycan ədəbiyyatına münasibətini öyrənim. O, yalnız klassik Azərbaycan ədəbiyyatını təqdir edirdi:
- Nizami... Füzuli... Vəssalam... nizami, şübhəsiz ki, dahidir. Amma müasirlər haqda bunu deyə bilmərəm. Vurğun istedadlı idi. Amma mövzusu nədir: partiya, hökumət... Rüstəm də eləcə. (O, "Rüstəm" deyəndə Süleyman Rüstəmi nəzərdə tuturdu). Mirzəni, Mehdini də tanıyıram. Onlar da partiya yazıçıla-rıdır, özləri də çinli-titullu adamlardır. Onlardan, deyəsən Rüstəmlə Mirzə sağdır, hə? Şərqlilər şahpə-rəst olurlar. Ümumiyyətlə, Şərqdə hansısa hadisənin, eləcə də şəxsiyyətin mahiyyətinə yox, zahirinə qiymət verilir; məsələn, sizdə deyirlər filan yazıçı Qızılulduzludur, filan mükafatın laureatıdır və s. Bax, onda o yazıçı daha hörmətli olur. Amma şəxsən mənim vecimə deyil... Nə orden, nə medal?.. Ad-filan da gərəyim deyil. Mən heç Latviya Mərkəzi Komitəsinin birinci katibini də hərləmirəm. Hə, Mərkəzi Komitə demiş, Mərkəzi Asiyanın, ümumiyyətlə, Asiya respublikalarının bütün birinci katibləri hər gecə yu-xuda özlərini siyasi büronun üzvü kimi görürlər. O biri katiblərsə özlərini birincinin yerində görmək istəyirlər. Sizinkilər üçün "Gensek" allah, partiya isə dindir. Həm də dərd burasıdır ki, nə allaha (rəhbərə) ürəkdən inanırlar, nə də dinə (yəni partiyaya). Asiyalılar mənsəbpərəstdir. Amma biz avropalıyıq? Biz hər şeyi öz adı ilə çağırmağı xoşlayırıq...
Mən, təbii ki, bir çox məsələlərə münasibətdə onunla razılaşmır, mübahisə edir, etirazımı bildirirdim. Adı ilə müraciət etdiyim (o, özü bu cür müraciəti xoşlayırdı) bu keçisaqqal qocaya deyirdim: - Anatol, qulaq as. Belə görürəm ki, sənin Asiya və Şərqlə, eləcə də şərqlilərlə düşmənçiliyin var. Amma mənimçün Şərq və Qərb anlayışları nisbidir. Mənim üçün insan-şəxsiyyət anlayışı daha önəmlidi. Bir var vicdan-lı, bir də var vicdansız adam. İstedadlı və istedadsız adam olur... Yaxşı və ya pis xalq olmur axı... Şərqin də öz dahiləri var, Qərbin də...
- Yox, Firuz, elə deyil. Qərb ayrı aləmdir. Şərqdə isə təkcə ermənilər o biri millətlərdən fərqlənir. Ќə üçün? Qədim mədəniyyətinə, sivilizasiyasına görə? Ermənilər qədim mədəniyyətin daşıyıcılarıdır.
- Anatol, sən Ermənistanda olmusan?
- Yox, olmamışam. Amma erməni dostlarım çoxdur. Erməni mədəniyyətinə də yaxşı bələdəm.
- Səni onlarda cəlb edən nədir?..
- nədir?.. Dedim də... Bəyəm sən erməniləri bəyənmirsən? Mən bilirəm, türklər vaxtilə ermənilərə di-van tutub...
Aydınca hiss olunurdu ki, Latviyada (Riqada) erməni dostları Anatolun qulağını əməlli-başlı doldurmuşdular.
- Anatol, ermənilər sənə mif, nağıl danışıblar. Ümumiyyətlə, hər hansı bir xalqın üstündən xətt çəkmək düzgün deyil. Hər bir millətin tarixinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır.
- Mən erməni mədəniyyətini sevirəmsə, burada pis nə var?..
- Heç nə! Nuşi can!
Xatırlatmaq istəyirəm ki, bizim bu mübahisələr 1988-ci ilin noyabrında Moskvada gedirdi. Bir-iki gündən sonra akademik Aqambekyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi arzusunu ifadə edən bəyanatı səslənəcəkdi. Qarşıda iki xalqın böyük qırğını hazırlanırdı. Sən demə, elə o vaxtlar, o günlər, mənim latış yazıçısı İmermanislə mübahisə etdiyim günlərdə Dağlıq Qarabağ ətrafında böyük təbliğat radiusu çox geniş imiş; hətta, uzaq Pribaltikada yaşayan qocaman latış yazıçısı da Ermənistanın "yaraları" ba-rədə danışırdı. İmermanis hər gün bir neçə qutu siqaret çəkirdi. Mənim Bakıdan gətirdiyim "Paytaxt", "Kosmos", "Avrora", "Şirvan" siqaretləri onun çox xoşuna gəlmişdi. O, siqaretdən tüstülədə-tüsdülədə, özünün "əl dəyirmanında" üyütdüb dəmlədiyi kofedən içə-içə yaradıcılıq söhbəti edir, arabir şəhərə "o-va" çıxırdı.
Tanışlığımız dövründə mən öyrəndim ki, İmermanis həm də istedadlı rəssamdır. Ən çox öz adı ilə, arabir də zarafata "İmermanıs" və ya qısaca "Manis"- deyə çağırdığım riqalı yazıçının çəkdiyi şəkillər bir çox sərgilərdə nümayiş olunubmuş. Sonralar mən Bakıya qayıdandan sonra əlimə düşən bir çox rus jurnallarında onun rəngkarlıq əsərlərini gördüm. "Drujba narodov" jurnalında dərc olunmuş silsilə rəsmlərə isə İmermanis, ruhuna "nastalgiya" hopmuş bir ad qoymuşdu: "Ermənistan yuxuları..." Amma İmermanisin ermənilərə "simpatiyasının" ömrü çox olmadı. Danışacağım əhvalat onun ermənilərə nifrətini yaratdı.
Qonşu otaqda yaşayan erməni "ədibləri" səhərdən-axşama qədər qışqıra-qışqıra mübahisə edirdilər: gündüzlər bir yana, hətta, gecələr də onların mübahisəsi kəsmək bilmirdi. Onlar nə barədəsə danışır, sanki nəyisə bölüşə bilmir, söyüşürdülər. Həmin vaxtlar qonşu otaqda məskunlaşmış, ermənicə ermənilərdən pis bilməyən, Moskvada - Ədəbiyyat İnstitutunda təhsil alan oğluna baş çəkməyə gəlmiş şair İdris Zamanlı, bir-iki dəfə ermənilərin söhbətinə, qara-qışqırğına elə dəhlizdəcə qulaq asandan sonra dedi ki, bunlar Moskvadakı erməniləri bir yerə toplayıb Ermənistanın "dərdlərini" dünyaya çıxarmaq is-təyirlər, amma aralarında fikir ayrılıqları var; birisi deyir ki, Sovet hökuməti ilə hökumətlik etmək olmaz və elə buna görə də digər iki nəfər üçüncünün üstünə düşüb onu söyür, təhqir edirlər. Qonşu otaqdan eşidilən səs-küy Anatol İmermanisi lap özündən çıxarmışdı. O, bir dəfə "gecə döyüşləri" zamanı dözə bilməyib elə alt tuman-köynəkdəcə qonşu qapıya cumdu, "dostların" qapısını döyəclədi və kandara çı-xan ermənilərin aşının suyunu vermək istədi:
- Poçemu vı nam spat ne dayote?.. (niyə bizi yatmağa qoymursuz?).
Ermənistanlı yazıçıların hərəsi bir yandan qocanın üstünə şığıyıb onun yaxasından yapışdılar: - Von otsyuda, storıy pyos!.. (Rəd dol buradan, qoca it!).
Onlar əlbəyaxa oldular. Mən İmermanisi birtəhər onların əlindən aldım. Ќövbətçi qadın da haray-həşirə gəldi. Anatol tələb edirdi ki, ermənilər buradan qovulsun. O, otağa qayıdandan sonra tərini silə-silə deyinməyə başladı:
- Bura bax, əzizim, bu ermənilər nə əclaf adamlarmış... Siz onlarla nə cür qonşuluq edirsiniz?.. Onları qovmaq lazımdır özlərinin uydurduqları o mifoloji yerlərə... Mən indi bildim ki, azərbaycanlılar çox abırlı, təmkinli adamlardır. Əcəb qonşularınız varmış...
Bir-iki gün sonra Anatol İmermanis çantasını çiyninə atıb qatarla Praqaya yola düşdü. Biz onunla səmimi görüşüb ayrıldıq. Bir də görüşməyimizə ümid az idi. Amma aradan təxminən bir həftə keçəndən sonra o, yenə qayıdıb Moskvaya gəldi: məni görüb çox şad oldu, növbətçidən xahiş etdi ki, onu "köhnə otağa" qaytarsınlar.
Dediyinə görə, Praqa səfəri uğurlu keçmişdi. Biz yenə bir müddət birlikdə qalası olduq. Artıq dostlaşmış-dıq. Ermənilər də çıxıb getmişdi.
İmermanis indi böyük səmimiyyətlə öz taleyindən danışırdı: sən demə, o, lap gənc ikən Latviyada kom-munist hərəkatına qoşulub və buna görə 30-cu illərdə o vaxtkı "burjua Litvası" tərəfindən həbs olunub. Sonralar Pribaltikaya Sovet hakimiyyəti gələndən sonra İmermanis yeni hökuməti can-başla qəbul edib. Amma onun yeni qurulan hakimiyyətə sevgisinin də ömrü uzun çəkməyib. Özünün dediyinə görə, bu ötən illər ərzində onu "antisovet təbliğatına" görə çox sorğu-suala çəkib incitmişdilər. O, Sovet höku-mətinə nifrət edirdi.
Arvadından (bir qızı ilə) ayrılmış Anatol, Riqa ətrafında bağ evində yaşayırdı; Latviyanın Yazıçılar Birliyi tərəfindən ona yazı-pozu işinə kömək etmək üçün kargüzar- katibə də ayrılmışdı. Dostum arabir öz katibəsi ilə eşq macəralarından danışmağı da xoşlayırdı.
Dediyim kimi, o şair, nasir və rəsam idi. Musiqidən də başı yaxşı çıxırdı. Dediyinə görə, ən yaxın dostlarından biri Raymond Pauls idi. Noyabrın sonlarında biz onunla xüdahafizləşib ayrıldıq: İmermanis Riqaya getdi, mən isə Bakıya... Mən Bakıya dönəndən sonar ərinməyib Axundov adına kitabxanada İmermanisin yazdığı əsərlərlə tanış oldum. Sən demə o, həqiqətən məhsuldar və bütün Avropada məşhur bir yazıçı imiş. Onun böyük tirajla çap olunan əsərləri bunlardır: "Yolçu gölgə salır", "Təyyarələr okeana düşür", "Hollivud otelində qarabasmalar", "Stadionda ölüm", "Çətir altında ölüm"..
Bunların əksəriyyəti detektiv romanlardır. Və mən o vaxtlar xatırladım ki, yazıçı qəhrəmanlarının arxa-sında partiya boslarının dayandığı Sovet mafiyası haqda roman yazmaq istəyir. Bilmirəm bu roman yazıl-dı, ya yox...
Günlərin bir günü mənə poçtdan bir bağlama-barat gətirdilər. Açdım. Çingiz Aytmatovun Riqada rus dilində nəfis şəkillə çap olunmuş "Əsrə bərabər gün" kitabı idi. Anatol, hələ Moskvada ikən o vaxt çox "defisit" və populyar olan bu kitabı mənə göndərəcəyinə söz vermişdi. O, əsl centlmen kimi öz vədinə əməl etmişdi. Kitabın arasında kiçik bir məktub vardı. Anatol İmermanis yazırdı ki, poçtla ona göndərdiyim siqaretləri alıb. O, bunun üçün öz təşəkkürünü bildirirdi...
Məsələ burasında idi ki, mən Moskvadan Bakıya qayıdan kimi Riqaya, İmermanisin ünvanına bir neçə blok siqaret göndərmişdim. O vaxtlar, ucuz, sərt tüstüsü olan siqaret vardı, adı da "Qarabağ"... O günlərdə Qarabağ hadisələri təzəcə başlamışdı.