Baş Prokurorluq prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib.

Qeyd olunub ki, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Məlumata görə, müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.

İkili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda), əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar işə qəbul edilmirlər.

Sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilməklə, elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Bunun üçün namizəd aşağıdakı ardıcıllıqla qeyd olunan hərəkətləri yerinə yetirməlidir:

1. Əvvəlcə yuxarıda qeyd olunan həmin internet səhifəsinə daxil olaraq müvafiq qaydada qeydiyyatdan keçməli;

2. Qeydiyyatdan keçdikdən sonra təqdim olunan bölmələrə (“Əsas göstəricilər”, “Təhsil”, “Biliklər”, “Məhkumluq”, “Hərbi xidmət”, “Qohumlar”, “Əmək fəaliyyəti”, “Sənədlər”, “Əlaqə”) ardıcıllıqla daxil olub tələb olunan zəruri məlumatları tam və dəqiq doldurmalı (bu zaman qohumların əmək fəaliyyəti ilə bağlı məlumatlar “.” (nöqtə) işarəsi qoyulmadan bitmiş fikir (cümlə) formasında göstərilməlidir);

3. Bundan sonra həmin səhifədə yerləşdirilmiş sənədlərin (ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal) blanklarını yükləyib içərisini kompüter vasitəsilə tam və dəqiq dolduraraq sonra da onları çap edib imzalamalı;

4. Daha sonra imzalanmış həmin sənədləri, həmçinin şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomu (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnaməni) və diploma əlavəni “PDF” faylı formasında skan edilmiş vəziyyətdə 1 ədəd jpg formatda 4x6 sm ölçüdə ağ fonda rəngli fotoşəkillə birgə qeyd edilən internet səhifəsindəki həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməklə müraciətini təsdiq etməlidir.

Nəzərə almaq lazımdır ki, məlumatları yalnız bir dəfə təsdiq etməklə müraciət edilməsi mümkündür və ona görə də bütün məlumatların təsdiqdən əvvəl diqqətlə tərtib olunması zəruridir.

Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.