İctimai Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi -Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Prezidentin köməkçisi Hikmət Hacıyevə rəsmi müraciət edib. 

Bu barədə Mia.az-a müraciətinin surətini təqdim edən İSBAM sədri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 2023-cü il “Qərbi Azərbaycanlılarının Qayıdış Konsepsiyasının” icrasına İctimai dəstəyin verilməsinə dair Qrant Müsabiqəsinə layihə təqdim edib:

"Layihə haqqında qısa olaraq bildirim ki, Makedoniyanın paytaxtı Skopye şəhərində Qərbi Azərbaycanlıların tarix, memarlıq və mədəni irsini əks etdirən tanıtım həftəsi təşkili nəzərdə tutulub. Proqram çərçivəsində Makedoniyalı alimlərin mütəxəssislərin, mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə  konfransın keçirilməsi, foto sərgilər təşkil edilməsi, Makedoniya KİV- ləri üçün geniş informasiyanın təmin edilməsi planlaşdırılıb. Eləcə də Makedoniya Parlametində, Mədəniyyət Nazirliyində, ayrı- ayrı  nüfuzlu siyasi partiya, QHT və televiziyalarda Qərbi Azərbaycanın tanıtımı məqsədi ilə  görüşlər keçirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən layihələrnən bağlı bu günə kimi hansısa  bir  iradla qarşılaşmamışıq. Əksinə hər zaman və xüsusən ötən il 2022-ci il layihəsində də Agentliyin rəhbərliyi tərəfindən sözün əsl mənasında uğurlu fəaliyyətə görə  şəxsən özümə  şifahi şəkildə təşəkkür edilib".

S.Adıgözəllinin sözlərinə görə, 30 ildən artıqdır ölkəmizin ictimai siyasi həyatında əmək verir: "Rəhbərlik etdiyim təşkilat da,  QHT sektorunda uzun illərdir uğurlu fəaliyyətini göstərməkdədir. Mərkəzimizə ildə bir dəfə qrant ayrılmasına baxmayaraq, ilboyu ölkədə və xaricdə çoxsaylı tədbirlər icra etməkdədir. Həyata keçirdiyimiz layihələr statistika məqsədi daşımamış ölkəmizi adına nüfuz gətirmişdir. İllər boyu fəaliyyətimizi izlədiyiniz zaman peşəkarlıq, ardıcıllıqla bərabər Respublikamızın milli maraqlarının daim bir nömrəli məqsəd daşıdığı göz önündədir. Qərbi Azərbaycan mövzusuna müraciət etmək hər baxımdan haqqımız və illərin təcrübəsinə dayanmaqdadır.  Rəhbərlik etdiyim Mərkəzin bir beyin İnstitutu olması üçün dövlətimiz tərəfindən lazım olan dəstəyin göstərilməsi vacibdir. Təəssüflər olsun ki, il boyu heç bir yerdən maddi dəstək almayan İSBAM kimi təşkilata QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrantın ayrılmaması anlaşılmazdır və qəbuledilməzdir".

O, sonda yazıb: "Qiymətli vaxtınızı almamaq məqsədilə yuxarıda qeyd olunan nüanslarla bağlı daha ətraflı vətəndaş cəmiyyətini narahat edən məqamları qeyd etmirəm. Sizdən xahiş edirəm, Agentlik tərəfindən qrant müsabiqəsi ilə bağlı Mərkəzimizə qarşı ədalətsiz mövqeyə  yenidən baxılmasını və müsbət qərar verilməsinə köməklik göstərəsiniz".

Tahir Şəlvəli

MİA.AZ