Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından Mia.az-a verilən məlumata görə, Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda deyib ki, hakimlərin seçim prosedurunda şəffaflıq və ictimai nəzarət daim təmin olunur. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə suallar kompüter vasitəsilə cavablandırılır və nəticələr dərhal elan edilir:
"Ötən dövrdə şəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər hakimliyə namizəd bütün imtahanları, habelə yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 200-dən çox namizəd seçim prosesinin müxtəlif, o cümlədən sonuncu mərhələlərindədir.
Müsabiqəni uğurla başa vurmuş daha 39 namizəd isə hakimlərin seçimi Qaydalarına əsasən ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.
Şura tərəfindən həmin namizədlərlə fərdi söhbətlər keçirilib və birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb".
Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.