“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi. Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.
Mia.az xəbər verir ki, bu sözləriı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.
O bldirib ki, "Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq həyəcan yaradıb: "Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək. Beləliklə, biz Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir hadisə ilə taclandırdıq. Türkiyə xaricində ilk dəfə Can Azərbaycanda təşkil edilən TEKNOFEST-in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük. Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professorumuz Doktor Əziz Sancarın olması TEKNOFEST-ə fərqli bir rəng qatdı. Azərbaycanlı gənclərimizin çalışdıqları elm və texnologiya layihələri ilə komanda ruhunda yarışlarda iştirak etmələri bizi son dərəcə qürurlandırır”.
Türkiyə lideri qeyd edib ki, regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik: "İnşallah, qardaşım İlham Əliyevlə birlikdə iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, qismətimizi açıq eləsin. Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz. Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”
Ərdoğan daha sonra bildirib ki, Bakıya səfərində İlham Əliyevlə bir daha ikitərəfli münasibətləri və Qarabağ qələbəsindən sonra regiondakı vəziyyəti nəzərdən keçiriblər: "Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək. Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə reinteqrasiyasına dəstəyimiz davam edəcək. Müvafiq qurumlarımız şirkətlərimizlə birlikdə kənd təsərrüfatı torpaqlarının bərpası üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq”.