"Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə başa çatacağına dair heç bir əlamət yoxdur".

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident bildirib ki, Ukrayna müharibədə ən qısa zamanda qələbə qazanmağa, ərazi bütövlüyünü bərpa etməyə və dağıdılmış əmlakın, xüsusən Rusiyada müsadirə olunmuş vəsaitlərdən istifadə edərək bərpasına başlamağa çalışır: "Bu gün genişmiqyaslı müharibənin 72-ci günüdür və biz hələ müharibənin sonunu görmürük. Rusiya tərəfdən onu bitirmək üçün heç bir istək hiss etmirik və görmürük. Rusiyanın bu müharibə ilə təhrik etdiyi çağırışlara qənaətbəxş həll yollarını görmürük”.

 Zelenskinin sözlərinə görə, regionda əsas ərzaq məhsullarının ənənəvi tədarük zəncirləri pozulub.

Prezident əlavə edib ki, dünya liderləri ilk günlərdə Ukraynanın Rusiya təcavüzünü dəf etmək qabiliyyətinə dair pessimist gözləntilərə malik olsalar da, bu müharibənin qlobal nəticələrini dərk etməyə başlayıblar.

Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir: "“Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək. Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar. Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib".