Aprelin 4-də Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.
Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.
***
"UMID BABEK OPERATING COMPANY" əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib: "Aşkarlanan minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılır.
Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir".