Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.
Mia.az avtosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.
Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb.
Mia.az DİN-ə istinadla xəbər verir ki, məlumatda deyilir:
"Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atmışdır. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşmüşdür. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".