“Yüksək dəqiqlikli “Oniks” raketləri ilə Odessa vilayətində hərbi aerodromdakı xarici silahların çatdırıldığı logistika mərkəzinə zərbə endirilib".

Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, nəticədə "Bayraktar TB-2" pilotsuz uçuş aparatları olan anqarlar, həmçinin ABŞ və Avropa ölkələrindən alınan raket silahları və sursatlar məhv edilib: "Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Berezovka, Xarkov vilayətində Borşçeva və Çerneşçina, Xerson vilayətində Barvinok və Donetskin Mixaylovka yaşayış məntəqələrinin ərazilərində ötən gecə ərzində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını məhv edib.

Həmçinin, gecə saatlarında Ukraynaya məxsus bir “Toçka-U” raketi və iki “Smerç” reaktiv yaylım atəşi sistemi vurulub. Artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin 54 artilleriya atəşi mövqeyini, 38 dayaq məntəqəsini, həmçinin canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 195 ərazini vurub. Nəticədə 230-a qədər millətçi və 52 ədəd silah və hərbi texnika məhv olunub".

General əlavə edib ki, Ukraynanın Xarkov vilayətində komanda məntəqələri və Nikolayev vilayətində S-300 zenit-raket kompleksinin buraxılış qurğusu da raket zərbəsi ilə sıradan çıxarılıb: "Xarkov vilayətinin Podolovka rayonunda Dolina yaşayış məntəqəsi ərazisində 81-ci aviasiya briqadasının və 77-ci ərazi müdafiə briqadasının komanda məntəqələri raketlə vurulub. 

Son sutkadakı vurulan hədəflərlə yanaşı, indiyədək Ukraynanın 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv olunub".