Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Mia.az xəbər verir ki, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almazbek Akmataliyev imzalayıblar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzalayıblar.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzalayıblar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Talantbek İmanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzalayıblar.

“Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.

Daha sonra Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

***

Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq.

Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.

Sizi bir daha salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycana rəsmi səfər barədə dəvətimi qəbul etmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürümü bildirirəm.

Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

***

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlayıram. Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik.

Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir.

Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik. Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir.

Beləliklə, hörmətli cənab Prezident, Sizi bir daha ürəkdən salamlayıram. Xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Hörmətli nümayəndə heyətinin üzvləri.

İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Azərbaycanlı qardaşlarımız tərəfindən ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm. Fikrimcə, rəmzi haldır ki, bizim bugünkü görüşümüz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir.

Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizə şərikəm ki, bizim ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Odur ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək.

Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.

Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən “Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünyamiqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük”.

İcazə verin, qonaqpərvərliyə və Sizinlə geniş tərkibdə görüşmək imkanına görə bir daha səmimi təşəkkürümü bildirim. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.