"Rusiya Ukraynaya son 50 gündə deyil, 2014-cü ildən hücum edir. Onların əsas məqsədi Donbas bölgəsini tam ələ keçirmək, oranı məhv etməkdir".
Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.
O bildirib ki, Rusiya hücum etdiyi bölgələri xarabaya çevirir: "Luqansk və Donetskdə Rusiya qoşunları dağıtdıqları qəsəbələrə baxanda da, bu, aydın görünür. Onlar istəyirlər ki, işğal etdikləri ərazidə inan yaşamasın. Donbasın şəhər və kəndlərini dağıdıblar. Onlar səkkiz illik müharibədən sağ çıxan hər şeyi yandırırlar. Rusiya Krımı ələ keçirərək onu böyük hərbi bazaya, Qara dəniz və Azovu dünyanın ən təhlükəli dənizlərinə çevirib. Bizim Donbasda dəhşətli və sonsuz müharibəyə başladılar. Səkkiz il insanlarımızı öldürdülər. Bu müddət ərzində 14 000 adam öldürüldü. Çünki dünya Ukraynaya qarşı edilənlərə səssiz qaldı. Bu da Rusiyanı cəsarətləndirdi, onları belə dəhşətli savaşa həvəsləndirdi".
Zelenski baş verənlərə baxmayaraq, Ukraynanın cəsarətli və qətiyyətli qələbə qazanacağına əmin olduğunu bildirib.