“30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış həmvətənlərimizin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyini son vaxtlar keçirilmiş sorğularla bir daha təsdiqləyiblər”.

Mia.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın Ön Sözündə yazıb/Report.

Onun sözlərinə görə, “Böyük qayıdış” beynəlxalq prinsiplərə uyğun olaraq təhlükəsiz şəraitdə, ləyaqətli həyat şərtləri təmin edilməklə könüllü şəkildə həyata keçiriləcək: “Məğlub Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini verməkdən uzun müddət imtina etməsi qayıdışın tezliklə reallaşdırılmasına müəyyən dərəcədə əngəl törədir. Bununla belə, Azərbaycan dövləti öz vətəndaşlarının doğma torpaqlara təhlükəsiz qayıdışını təmin etmək üçün zəruri tədbirlər görür”.

Dövlət Komitəsinin sədri həmçinin deyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.

Komitə sədri deyib ki, məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub, repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb: "Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub: “Bu kateqoriyadan olan insanların problemlərinin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılıb, həmin məqsədlə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”.

Mia.az