"Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb. Eyni zamanda, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində biri Bayraktar-TB2 olmaqla 18 Ukrayna pilotsuz uçuş aparatını vurub".

Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov deyib.

O bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri hücum əməliyyatlarını davam etdirərək, Zolotaya Niva yaşayış məntəqəsini tam ələ keçirib: "Hücum əməliyyatı zamanı 60-a qədər ukraynalı millətçi, iki tank, dörd piyada döyüş maşını, müxtəlif təyinatlı doqquz maşın məhv edilib. Bundan əlavə, gecə ərzində Rusiyanın operativ-taktiki və pilotsuz aviasiya bölmələri Ukraynanın 52 hərbi obyektini vurub. Onların arasında dörd komanda məntəqəsi, İzyum qəsəbəsinin cənubunda bir S-300 zenit-raket kompleksi və Kuraxovo ərazisində bir Buk-M1, iki reaktiv yaylım atəşi sistemi, bir sursat anbarı və raket və artilleriya silahları, iki yanacaq və sürtkü materialları anbarları və 38 istehkam və hərbi texnikanın cəmləşdiyi ərazilər var”.