2005-cı ildə Sahil metrosu ətrafında işlətdiyim tərcümə firmasını icarə haqqının kəskin qalxması səbəbindən bağlayıb, evdə işsiz-gücsüz oturmuşdum. Vaxtımı keçirmək üçün ruscadan Knut Hamsunun seçilmiş əsərlərini oxuyurdum. Oxuyub qurtardıqdan sonra «Viktoriya» romanını tərcümə etməyə qərar verdim. Seçilmiş əsərlər içərisindən məhz bu romanı çevirməyə üstünlük verməyim onun nisbətən yüngül melodram janrında olması idi. Əhalinin əksəriyyətinin məhz belə şeylərə meyilli olması heç kəsə sirr deyil, ona görə də, kitab biznesinə ağır əsərlə girmək qətiyyən sərfəli ola bilməzdi. Düşünürdüm ki, bu kitabı mətbəələrin birində çap etdirib, mağazalara paylayaram, həm insanlar yaxşı əsərlər oxuyub, dünya ədəbiyyatı ilə tanış olar, həm də mən beş-on manat çörəkpulu qazanıb ailəmi dolandıraram.
Nə başınızı ağrıdım, əsəri çevirib, kiçik bir kitabça şəklində çap etdirdim və şəhərimizdəki kitab dükanlarına, metro stansiyalarına, qəzet köşklərinə payladım. Bəziləri "yerimiz yoxdur, satılmır, kitab alan yoxdur” deyə əzilib-büzülsə də, bəziləri dinməz-söyləməz qəbul etdilər; elələrinə də, demək olar ki, zorla verdim. Amma sən demə, öküzün yekəsi tövlədəymiş. Mən bundan öncə də bizneslə məşğul olmuşdum, tələbdən, təklifdən, bazardan az-çox anlayışım vardı. Amma kitab biznesi tamam başqaymış; bu nə qənd-şəkər, nə də konfet-peçenye satmaq deyilmiş. Heç ayaqqabı-kostyum-köynək satmaq da deyilmiş. Bu biznesdə bircə manatlıq gəlir gətirəcək malın satılması bir il də çəkə bilərmiş, beş il də. İndi oğul istəyirəm ki, qollarını çırmayıb bu işə girişsin və uğur qazansın. Tezliklə anladım ki, həmin oğul mən deyiləm.
Günlərin bir günü mənə Norveç səfirliyindən zəng vurub dedilər ki, «Viktoriya»nı görüb çox məmnun olublar və alıb, oxuyub bəyəniblər! Vaxtım varsa (!) cənab səfir – unudulmaz Steynar Gil mənimlə görüşmək istəyir.
Səfirlə söhbətimiz səmimi alındı. Ona Knut Hamsunun 2-cildliyə daxil olan əsərlərinin hamısının Azərbaycan dilində olmasını istədiyimi dedim. Bu həm də mənimçün təxminən bir illik iş demək idi. Razılaşdıq. Əsərləri bala-bala tərcümə edib, hər bir cildi 500 ədəd olmaqla çap etdirdim və razılaşmamıza əsasən, bir hissəsini yenə kitab dükanlarına payladım. Aradan 8 il keçib və inanın ki, o kitablardan hələ də kitab mağazalarında var. 300-ə yaxın kitab da evdə qalırdı, onları il yarım bundan əvvəl «Qanun» nəşriyyatına verdim ki, sata bilmirəm, bəlkə, siz satasınız.
İki il öncə «Qanun» nəşriyyatının xarici bədii ədəbiyyat nəşrinə üstünlük verdiyini eşidib, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlunun yanına getdim. Söhbət etdik. Mənim işlərimlə tanış olduğunu və bəyəndiyini dedi. Qonorarla maraqlandım, az idi, ancaq işsiz qalmaqdansa, buna da şükür etmək olardı. Həm də tərcümə işi ən yaxşı bacardığım, sevdiyim iş idi. Evimdə oturub çay içə-içə, baş-qulağım dinc, marşrutda basabasla yol getmədən, tıxacarda əsəblərim pozulmadan, hər gün cürbəcür naqisliklərlə rastlaşmadan tərcüməmi edəcək, beş-on manat çörəkpulumu halal yolla qazanacaqdım. Onsuz da bu ölkədə məlum zümrəni çıxmaq şərtiylə, heç kəs qaz vurub, qazan doldurmur. Ancaq doğrusu, əgər belə demək mümkdürsə, «kitab biznesi» ilə məşğul olduğumdan, Şahbaz bəyin vəd etdiyi qonorarı belə vaxtlı-vaxtında verə biləcəyinə şübhələrim vardı. «Axı kitab alan yoxdur, bu adam bu kitabları tərcümə etdirib kimə satacaq, qonorarı mənə haradan verəcək?» kimi əndişələrim də yox deyildi. «Qanun»un rəhbəri də çətinliklərin olduğunu etiraf etdi, amma çətin də olsa, bu işin altına girdiklərini və asta-asta irəlilədiklərini bildirdi.
İşə başladıq və xırda-para problemləri istisna etsək, «Qanun» doğrudan da öz hədəfinə doğru xırda-xırda irəliləməkdəydi. Mən internetdə Şahbaz Xuduoğlunun gəncləri başına toplayaraq müxtəlif üsullarla oxucu cəlb etməsini məmnuniyyətlə izləyirdim. Görüşlərmizdə, toplantılarımızda müəyyən uğurların olduğu səslənir, bunun tədricə müəlliflərin qonorarına da müəyyən müsbət təsiri olduğunu hiss edirdim.
Amma təəssüflər olsun ki, öz fəaliyyətini daim "ƏDV-yə yox deyək” şüarıyla sürdürən «Qanun» günlərin bir günü Vergilər Nazirliyinin basqınına məruz qalaraq, fantastik bir məbləğdə – yüz əlli min manat cərimə olundu. Yenə də təəssüflər olsun ki, ölkənin əksər ziyalıları, yazarları, hətta oxucuları «Qanuna» qarşı olan bu ədalətsizliyi pislədiyi halda, özünü yazar adlandıran bəziləri ortaya çıxıb, nəşriyyatın rəhbərini biznes maraqlarını ədəbiyyatın maraqlarından üstün tutmaqda, «ədəbiyyat hamisi» olmamaqda qınayır. Mən «özünü yazar adlandıran» ifadəsini bu adamların ədəbi istedadını şübhə altına almaq üçün yazmadım, sadəcə, həqiqətən yazar olan şəxslərin bu cür fikirlər səsləndirməsinə təəccüb etdim. Hansısa oliqarxın öz biznes marağı üçün bir neçə mağaza açıb, 50-60 kitabla bazara girməsini və kitab bazarını nəzarətə almasını normal qarşılayanlar Şahbaz Xuduoğlunu biznes maraqlarını önə çəkməkdə, onu kitab hamisi olmamaqda, kitabdan gəlir mənbəyi kimi istifadə etməkdə suçlayırlar. Paradoksal deyilmi? Niyə oliqarxlara olar, amma Şahbaza olmaz? İkincisi də, Shahbaz Xuduoğlu əlində vəsait olmadan kitaba necə hamilik etsin? Axı onun başqa biznesi, başqa gəlir sahəsi yoxdur. O axı milyonlar qazanan nazir-oliqarxlardan deyil, heç onların qohum-əqrəbasından da deyil. "QANUN" NƏŞRLƏR EVİ kitab satışından götürdüyü pulu, əldə etdiyi gəliri yenə kitaba yatırır, müəlliflərə qonorar verir də. Məgər bu elə ədəbiyyat hamisi olmaq demək deyil? Şahbazdan başqa bu ölkədə bu işi görən yoxdur axı. Ölkədəki iki yazıçı qurumundan birinin rəhbərinin Qanun nəşriyyatını müdafiə etmək "içindən gəlmir", amma kitabı onun əlindən almaq istəyən hansısa oliqarxı çox içdən müdafiə edir. Amma unutmaq olmaz ki, Şahbaz Xuduoğlu başının üstündə heç bir oliqarx olmadan bu işi ciddi gəlir gətirən sahəyə çevirə bilməyibsə də, kitaba müəyyən maraq yaradıb, ölkədə bəlli bir oxucu kütləsi formalaşdırıb, yüzədək qələm sahibini dilənçi vəziyyətinə düşməkdən, ölkədən qaçmaqdan qurtarıb. Bu mənada onun biznes marağının ədəbiyyatın marağıyla tam üst-üstə düşdüyünü və sözün əsil mənasında bu gün ölkədə əsil ədəbiyyat hamisi olduğunu söyləmək tam ədalətli olardı. Oliqarxların kölgəsinə sığınaraq bu işi onun əlindən almaq istəyənlər isə çox keçməz ki, həm öz biznes xülyalarının iflasa uğradığını, həm də kitab, ədəbiyyat sahəsində əldə olunmuş kövrək uğurları məhv etdiklərini görərlər.