Müğənni Nadir Qafarzadə ötən gün söz-söhbətə səbəb olan fikirləri ilə bağlı açıqlama yayıb.

Mia.az Sfera.az-a istinadla bildirir ki, ifaçı deyilənləri təkzib edib və bunun ona qarşı aparılan "qara piar" olduğunu deyib.

"Son zamanlar mənə qarşı mənfi işlər gedir. Deyirlər guya zorakılığı dəstəkləyirəm. Mənim nəyimə lazımdır kim necə geyinir, harasını açıb. Hamı öz papağını qoysun başına, sahib çıxsın. İstəyirlər çılpaq yox, anadangəlmə gəzsinlər. Mənim öz ailəm var. Bəziləri mövzusu bitib, mənim adımdan istifadə edir. Mən ifaçıyam, elə mövzulara qatılmıram. Zorakılıq nədir? Adam adama zorakılıq edər?", - deyə Qafarzadə əlavə edib.

O həmçinin buna görə jurnalistləri də günahlandırıb: "Təzə mövzu axtarırlar. Bəzi cahil adamcıqlar da onların yazdıqlarına inanırlar. Ay sizi "it oynadan” bəzi jurnalistlər”.

Qeyd edək ki, ötən gün "Pantural" ləqəbli şəxs "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Bundan sonra Qafarzadənin sözügedən paylaşımlardan birinə "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" sözlərini yazmışdı.