“Ənənələrin dəyişməsinin tərəfdarı deyiləm. Kiməsə qızını səssiz-səmirsiz yola sal, dəbdəbəli məclis eləmə demək olmaz”.

Bu sözləri Yenisabah.az-a dəbdəbəli toy məclisi keçirənlərlə bağlı danışan Xalq artisti Flora Kərimova deyib.

Sənətçi illərdir davam edən ənənəyə qarşı çıxılmasının tərəfdarı olmadığını deyib:

“Hər kəs toyunu yüksək səviyyədə keçirmək istəyir, bu özəl istəkdir qarışmaq olmaz. Pandemiya olmasa, kiməsə “az adamla məclis təşkil et” deyib, bunu ondan mütləq gözləmək düzgün deyil. Hər kəsin azadlığı var, kim necə toy istəyirsə, o cür etsin, hər insana individual yanaşmaq lazımdır. Kimin imkanı varsa, dəbdəbəli toy edir, yaxud toy keçirsə də qonaqlardan pul yığmır. Ancaq elimizin adəti var, kimsə toy edirsə, yaxınların o toyda iştirakı el köməyidir. Bu birlikdir, bu gün biri digərinin toyuna gedirsə, sabah da o gələcək, yardım edəcək. İnsanlar həm toya, həm yasa gedirlər, müəyyən kömək edirlər, bunu mənəvi borc hesab edirlər, burada pis heç nə yoxdur”.

Xalq artistinin sözlərinə görə, məclisdə iştirak edənlərin bir-birinə maddi dəstək olmasında heç bir problem yoxdur:

“Bu ənənələr millətin bir-birinə arxa-dayaq olması, pis günündə, yaxşı günündə birlikdə olması deməkdir. İnsanların kiməsə “dəbdəbəli toy eləmə!” demək ixtiyarı yoxdur. Bu tip toy edənlər qohum-əqrəbasına, dost-tanışına arxayın olur ki, onlardan hədiyyə gələcək. Mən belə şeylərin qətiyyən əleyhinə deyiləm. Yeni qurulan ailəyə, valideynlərə kömək etməyin nəyi pisdir ki? Hər bir valideyn öz övladı qarşısında özünü borclu sayır, dərdən-qabıqdan çıxır ki, övladını toyu yüksək səviyyədə keçsin, balasının gözü qonşunun toyunda qalmasın.

O vaxt yasa gedən insanlar əllərində çay, qəndlə gedirdilər, yası düşən ev yiyəsinə kömək etməyə çalışırdılar. Toy da belədir. Toy yeyəsi demir ki, mənim toyuma 100 dollardan aşağı pul salma. Bunu heç kim demir, kimin nəyə gücü çatırsa, yardım edir, sevincinə şərik olur, heç kəs kiminsə cibinə şərik olmaq istəmir. Kimin ürəyindən nə keçirsə, imkan dairəsində onu edir. Bu ənənədir. Dəyişməsinin tərəfdarı da deyiləm. Kiməsə qızını səssiz-səmirsiz yola sal, məclis eləmə demək olmaz.

İndikilər bilməz, o vaxt kənddə kimsə ev tikməyə başlayırdısa, bütün kənd ora yığılırdı. Kimi yemək gətirirdi, kimi evində artıq qalan tikinti materiallarını verirdi... Bu insanları həm birləşdirirdi, həm də ənənəyə çevrilirdi”.